Modern.az

Rusiya getdikcə daha çox özünü tələyə salır  

Rusiya getdikcə daha çox özünü tələyə salır   

5 Avqust 2017, 14:03

“Rusiya getdikcə daha çox özünü tələyə salır. Kreml necə illərdir Amerika ilə Avropanın arasını vurmağa çalışır. Son günlər o bu istəyinə bir qədər yaxınlaşmışdı, ancaq elədiyi kobud səhv ucbatından yenidən hədəfindən uzaqlaşdı”.

Modern.az xəbər verir ki, bu haqda Rusiya-ABŞ münasibətlərini şərh edən politoloq Elxan Şahinoğlu bildirib.


Onun sözlərinə görə, ABŞ Konqresi Rusiyaya qarşı sərt sanksiya qəbul etdikdən sonra Avropa İttifaqı buna qarşı çıxıb:

“Brüssel dedi ki, “Vaşinqton istəyir deyə, biz Rusiya ilə iqtisadi əlaqələrə son verə bilmərik və sanksiya qərarını yanlış hesab edirik”. Ancaq bunu deyənin özü iki gün sonra Rusiyaya qarşı sanskiyanı sərtləşdirdi, sənədə yeni şəxslərin və şirkətlərin adını əlavə etdi.

Hər şey Almaniyanın məşhur Siemens konserninin kontrakt əsasında Rusiyanın Krasnodar vilayətində tikilən obyektə göndərdiyi 4 turbindən sonra başladı. Sən demə Rusiyanın müvafiq nazirliyi Almaniya konsernini aldadaraq həmin turbinləri Krımdakı oxşar tikintiyə göndərib. Siemens məsələdən xəbər tutan ki, turbinləri geri tələb edib. Şirkətin niyə belə etdiyi aydındır, işğal altındakı Krım sanksiyalar altındadır və bilinsə ki, hansısa Avropa şirkətinin birbaşa və dolayı yollarla yarımada ilə əməkdaşlığı var, həmin şirkətə qarşı da sanksiyalar tətbiq olunacaq. Ona görə də şirkət özü baş verən hadisə barədə Avropa İttifaqının qurumlarını xəbər edib və bundan sonra Brüssel keçmişdə qəbul etdiyi sanskiyaya yeni isimləri əlavə edib. Bundan sonra Avropa hansı əsasla Amerikaya deyəcək ki, “Sən Rusiyaya qarşı sanksiyanı sərtləşdirməklə düz etmirsən””.


Politoloqun fikrincə, Krımla bağlı son olay bizə nümunə ola bilər.


“Şübhə etmirəm ki, işğalçı Ermənistan da Avropanın müxtəlif şirkətlərindən aldığı avadanlıqların bir hissəsini Dağlıq Qarabağa ötürür, sadəcə bir çoxundan xəbərimiz yoxdur. Avropa İttifaqının Krımdan fərqli olaraq Dağlıq Qarabağla bağlı sanksiya qərarı olmasa da, Brüssel Azərbaycanın ərazi bütövlüyünü tanıdığından öz şirkətlərinə Krımla yanaşı, digər separatçı bölgələrdə fəaliyyətini də qadağan etməlidir. Fikrimcə, bu məsələdə separatizmdən əziyyət çəkən Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna səylərini birləşdirərək Brüsseldən işğal altındakı torpaqlarla bağlı xüsusi qətnamənin qəbulunu istəyə bilərlər. Yəni hər hansı Avropa şirkəti bilməlidir ki, Ermənistan onu aldadaraq avadanlıqlarını Dağlıq Qarabağa göndərərsə, bu ona baha başa gələcək. Ancaq bunun məhz belə olması üçün müttəfiqlərlə birgə işləmək və Avropaya daha yaxın olmaq lazımdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu