Azərbaycanda səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres bu gün mətbuat konfransı keçirib. Konfransda Modern.az saytının əməkdaşı Kəbəcər rayonundan olan məcburi köçkünlərin aprelin 1-də Birləşmiş Millətlər Təşkilatının Bakıdakı ofisinə məktub verdiklərini və həmin məktubun aprelin 11-də Nyu-Yorka, BMT-nin baş ofisinə göndərildiyini deyib.
Jurnalist bu günə qədər məcburi köçkünlərin məktubuna cavab gəlmədiyini bildirib və Ali Komissardan bunun səbəblərini soruşub.
Antonio Quterres bu məsələyə görə, BMT adından məcburi köçkünlərdən üzr istəyib və yaxın zamanlarda onların məktubuna cavab veriləcəyini bildirib.
Xatırladaq ki, Kəlbəcərdən olan məcburi köçkünlər BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmasını özündə ehtiva edən 4 qətnamənin yerinə yetirilməməsinin səbəblərini öyrənmək istəyirlər.
Mail Ağaxanov