80 saylı İmişli-Beyləqan dairəsindən millət vəkili seçilmiş Çingiz Qənzadə seçiciləri ilə silsilə görüşlərə başlayıb.
Bu barədə Modern.az-a deputatın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, son iki gündə görüşlər əsasən İmişlinin ən mühüm yaşayış sahələri olan Bəhramtəpə, Sarıxanlı, Qaragüvənlikli və s. kənlərində keçirilib.
Dünən isə İmişli rayon mədəniyyət sarayında müxtəlif kəndləri təmsil edən 150 nəfərlə görüş olub. Deputat seçiciləri maraqlandıran suallara cavab verib, onların problemləri ilə əlaqədar ərizə və müraciətlər qəbul olunub.
Bu gün deputat rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri ilə birlikdə İcra Hakimiyyətinin binasında yenə müxtəlif kəndlərdən olan seçiciləri qəbul edib. Eyni zamanda seçicilər arasında olan idmançı gənclərlə görüş keçirilib.
Keçirilən görüşlərdə təkcə seçiciləri maraqlandıran məsələlərlə bağlı dinləmələr olmayıb, həmçinin son aylarda parlamentdə qəbul edilən qanunlar, qərarlar, onlar haqqında ətraflı məlumat və şərhlər verilib. Bundan başqa, dairənin İranla həmsərhəd rayonları əhatə etməsini, bu ölkə KİV-lərinin daim Azərbaycan əleyhinə təbliğat aparmasını nəzərə alaraq, bütün görüşlərdə İranın Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönələn addımları, siyasi kursu və ölkəyə narkotiklərin daşınmasında rolu və s. haqda geniş məlumat verilib, əhali ayıq-sayıq olmağa çağırılıb. Eyni zamanda ölkədə gedən islahatlar seçicilərlə müzakirə edilib. Görüşlərdə səsləndirilən bir sıra şikayətlər, problemlər yerindəcə həllini tapıb. Bəzi məsələlər rayon rəhbərliyinin diqqətinə çatdırılıb. Daha qlobal məsələlərin isə deputat paytaxta qayıtdıqdan sonra müvafiq qurumlarla birgə həllinə çalışacaq.
Yeri gəlmişkən, seçiciləri əsas maraqlandıran, görüşlərdə ən çox müzakirə edilən məsələ 2006-cı ilədək pensiyaya çıxan şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı müvafiq qanuna parlamentdə qəbul olunmuş əlavə və dəyişikliklərdir. Bundan başqa, İmişlidən olan seçicilər mayın əvvəllərində rayonda olarkən dövlət başçısı İlham Əliyevin bütün kəndlərin qazlaşdırılacağı və yolların təmir ediləcəyi ilə bağlı verdiyi sözü də ümidlə qarşıladıqlarını bildiriblər. Deputat özü də kənd yollarının bərbad olduğunun şahidi olub və bu istiqamətdə əlindən gələni edəcəyini söz verib. Şikayət olunan məsələlərdən biri də torpaq bölgüsü ilə bağlıdır. Pay torpaqları bölünərkən müəyyən səhlənkarlıqlara yol verildiyi deputatın diqqətinə çatdırılıb. Öz növbəsində Ç.Qənizadə bu problemin məhkəmələr vasitəsilə həlli yollarını, hüquqi prosedurları seçicilərin diqqətinə çatdırıb. Həyətyanı torpaqların ayrılmasında da problemlər var və bu barədə millət vəkilinə şikayətlər olub. Bu şikayətlərin bəziləri yerindəcə araşdırılaraq həllini tapıb, digərləri isə rayon rəhbərliyinin diqqətinə çatdırılıb.Ç.Qənizadə bir neçə şəhid ailəsinə xüsusi diqqətlə yanaşaraq, müraciətlərinin araşdırılmasına və problemlərinin həllinə yardımçı olub.
Görüşlər hazırda davam edir. Deputat dairənin bütün kəndlərini əhatə etməklə görüşləri mütəmadi olaraq keçirəcək. Növbəti həftələrdə dairənin Beyləqan ərazisinə düşən kəndlərindən olan seçicilərlə görüş planlaşdırılır. Ç.Qənizadə hesab edir ki, bu cür görüşlərin mütəmadi keçirilməsi vacibdir. Bu, insanlarda Milli Məclisə, deputatlara olan inamsızlığı aradan qaldırmağa xidmət edər.