Modern.az

Şikayətçi jurnalist: “Məktəbdəki “təmirpulu” son qəpiyinə qədər qaytarılmayınca, mübarizə aparacam”

Şikayətçi jurnalist: “Məktəbdəki “təmirpulu” son qəpiyinə qədər qaytarılmayınca, mübarizə aparacam”

Təhsil

19 May 2011, 17:25

Bakı şəhəri Sabunçu qəsəbəsindəki 215 saylı orta məktəbdə müəllimlər tərəfindən valideynlərdən “təmir” adı ilə yığılmış pulların valideynlərə qaytarılması ləngiyir”. Bu barədə Modern.az-a hərbi jurnalist, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli məlumat verib. Onun sözlərinə görə, məktəb rəhbərliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrinin iştirakı ilə mayın 13-də əldə olunmuş razılaşmanın əsas müddəasının yerinə yetirilməsini ləngidir.

“Məndə olan məlumata görə, 700 nəfərdən artıq şagirdi olan məktəbdə yalnız 70-ə yaxın şagirdin pulu geri qaytarılıb, onların bəzilərinin valideynlərinə kağıza imza atdıraraq pulları qaytarıblar, qalan böyük çoxluğun valideynlərinin pullarının qaytarılması şübhə altındadır. Belə görünür ki, məktəb rəhbərliyi qəsdən bu prosesi gecikdirir”, - deyə C.Sümərinli bildirib.

C.Sümərinli deyir ki, may ayının 13-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iki əməkdaşı – Elmira Xəlilova və Fərman Abdullayev Sabunçu rayonu 215 saylı orta məktəbdə korrupsiya faktı üzrə araşdırma aparıblar.
“Araşdırma mənim mayın 12-də Prezident İlham Əliyevə və Təhsil Nazirliyinin “qaynar xətt”inə ünvanladığım müraciət üzrə aparılıb” deyən şagird valideyni olan C.Sümərinli həmin məktəbdə təmir adı ilə uşaqlardan 5-7 manat civarında pul yığıldığını bildirib. Onun sözlərinə görə, 215 saylı orta məktəbin adı prezidentin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək tədbirlərin obyektidir (2.8.72. maddə).

Mayın 13-də Təhsil İdarəsinin nümayəndə heyəti, məktəb rəhbərliyi ilə Cəsur Sümərinli arasında keçirilən görüşdə şikayətçi tərəf problemləri diqqətə çatdırıb və bildirib ki, təhsildə, xüsusilə də orta məktəblərdə rüşvət, şagirdlərin bu prosesdə alət kimi istifadı olunması yolverilməzdir. 

C.Sümərinlinin sözlərinə görə, razılaşma əldə edilən günün üstündən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq pullar hamıya tam qaytarılmır.
O , bildirib ki, bununla əlaqədar 215 saylı məktəbin direktoru Qızqayıt xanimla və Təhsil İdarəsinin nümayəndəsi Elmira Xəlilova ilə telefon əlaqəsi saxlayıb və onlara razılaşmaya əməl olunmasının vacibliyi vurğulanıb. Məkəb direktoru əksəriyyət pulların qaytarıldığını deyib və bildirib ki, yaxın günlərdə proses yekunlaşacaq. E.Xəlilova isə prosesi diqqət mərkəzində saxladığını qeyd edib.

C.Sümərinli isə inanmır ki, yaxın günlərdə pullar tam olaraq valideynlərə qaytarılacaq. “Məndə olan məlumatlara görə, bir sıra müəllimlər valideynləri təlimatlandırmağa başlayıblar ki, guya pulları “qaytarıblar”. Bəzi valideynlər isə bu pulları “təmir” adı altında müəllimlərə vermədiyini, sadəcə “bağışladığını” deməyə məcbur edilir. Fikrimcə, bunlar anormal hallardır. Hazırda pulları valideynlərə qaytarmayan müəllimlərin adlarını öyrənməyə çalışıram. İstəyirəm ki, ictimaiyyət onları bir-bir tanısın. Bakı şəhəri üzrə Təhsilk İdarəsinin əməkdaşları - Elmira Xəlilova və Fərman Abdullayevin də bu istiqamətdə fəaliyyətindən narazıyam. Onlar ciddi tədbirlər görə bilmədilər. Bunu niyə etməmələri məndə çoxsaylı suallar yaradır. Ona görə, məncə Təhsil Nazirliyinin “qaynar xətti” orta məktəblərdə korrupsiyayaya və rüşvətxorluğa qarşı mübarizə üçün zəruri vasitə hesab edilə bilməz, bu bir növ görüntü xarakteri daşıyır. Bütün bu məsələlərlə bağlı yaxın günlərdə yenidən ölkə Prezidentinə müraciət edəcəyəm”, - deyə o bildirib.

C.Sümərinli qeyd etdi ki, müəllimlər tərəfindən valideynlərdən “təmir” adı altında və başqa qeyri-qanuni səbəblər üçün yığılmış pullar bütün valideynlərə son qəpiyinə qədər qaytarılmayınca mübarizəsini davam etdirəcək.
“Bu hallarla qarşılaşmış valideynlərdən, mediadakı həmkarlarımdan mənə dəstək göstərməkdə davam etmələrini xahiş edirəm. Yalnız birlikdə nailiyyətlərə imza ata bilərik”, - deyə o qeyd edib.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular