Modern.az

Hirkan Milli Parkında YANĞIN LOKALLAŞDIRILIB - YENİLƏNİB

Hirkan Milli Parkında YANĞIN LOKALLAŞDIRILIB - YENİLƏNİB

Aktual

7 Avqust 2017, 19:41

Bu gün saat 13.00 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində başlamış yanğın tam lokallaşdırılıb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda közərən sahələrin söndürülməsi üçün  mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Bildirilib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün onun söndürülməsində çətinliklər yaranıb: “Naməlum səbəblərdən baş vermiş yanğın təxminən 1 hektara yaxın ərazini əhatə edib, nazirliyin əməkdaşlarının səyləri nəticəsində ağaclara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb”.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiət qoynunda olarkən bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

 

 

14:49

 

 

Bu gün saat 13.00 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Modern.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

 

Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

 

ETSN havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu