Modern.az saytının məlumatına görə, mayın 19-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilən yeni yaşayış kompleksi istifadəyə verilib. Mərasimdə prezident İlham Əliyev də iştirak edib.
Ali Baş Komandanın tapşırıqlarına əsasən paytaxtın Nərimanov rayonu ərazisində sərhədçilər üçün yeni yaşayış kompleksi tikilib istifadəyə verilib.
Dövlət başçısı sərhədçi ailələri üçün inşa edilmiş yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, kompleks 1,6 hektar sahəni əhatə edir. Burada on iki mərtəbəli 264 mənzilli yaşayış binası inşa olunub. Yaşayış binası iki və üç otaqlı mənzillərdən ibarətdir. Kompleksdə sərhədçilər üçün bütün şərait yaradılıb. Burada uşaq bağçası, qadın və kişi fitnes salonları, market və kafe, voleybol və basketbol meydançaları, avtomobil dayanacağı və istirahət parkı var.
Prezident yaşayış kompleksində yaradılan ayrı-ayrı xidmət sahələri ilə tanış olub. Yaşayış kompleksi havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma və suvarma sistemləri ilə təchiz edilib. Kompleksin ərazisində abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağac və kollar əkilib.
Yaşayış kompleksi ilə tanışlıqdan sonra ölkə başçısı bir qrup sakinə mənzillərin orderlərini təqdim edib.
Modern.az