Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına Mil-Muğan və Baş Şirvan kollektorlarında qanunsuz olaraq balıqların ovlanması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə nazirliyin mətbuat xidmətindən Modern.az saytına məlumat verilib.
28-30 aprel 2011-ci il tarixlərində Salyan və Neftçala rayonları ərazisində Mil-Muğan və Baş Şirvan kollektorlarının Xəzər dənizinə çıxış hissəsinə yaxın yerlərdə keçirilən reydlər zamanı 13 sahibsiz qayıq və 15 ədəd tor aşkar edilib. Aşkar olunan qayıqların sahiblərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qanunu pozmuş vətəndaşlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi sahəsində işlər davam etdirilir.
11 may 2011-ci il tarixində Baş Şirvan kollektorunun Bakı şəhərinin Qaradağ rayonu ərazisində keçirilən növbəti reyd zamanı isə Salyan rayonu Qarabağlı kənd sakini Zülfü Nuriyev torla qanunsuz balıq tutarkən Nazirliyin əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada məsuliyyətə cəlb olunub.
Nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.
Modern.az