Modern.az

Parlamentdə hansı deputatın səsi eşidilməyib...? (II yazı)

Parlamentdə hansı deputatın səsi eşidilməyib...? (II yazı)

13 May 2011, 10:53

Parlament jurnalistləri müşahidələri əsasında cavab verirlər


Milli Məclisin bütün çağırışlarında susub danışmayan deputatlar olub. Parlamentin 5 il ərzidə keçirilən iclaslarında bircə dəfə də olsun seçicilərinin problemlərini səsləndirməyən həmin mandat sahibləri müzakirəyə çaxarılan qanun layihələrinə və digər məsələlərə münasibət bildirmir, hər şeyə seyrçi mövqedən yanışır, yalnız gündəliyə çıxarılan sənədə səs verməklə işlərini bitmiş hesab edirlər. 
2010-cu ilin sonlarında formalaşan dördüncü çağırış Milli Məclisin fəaliyyətə başlamasından artıq 6 ay keçir. Bu müddət ərzində parlamentin xeyli iclası keçirilib. Maraqlıdır, hazırki Milli Məclisdə jurnalistlər danışmayan deputat müşahidə ediblərmi? Modern.az iki gün öncə parlament jurnalistlərinin bir hissəsindən bu suala cavab alıb təqdim etmişdi. İndi də parlament jurnalistlərinin qalan hissəsinin cavabını təqdim edirik. 

“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov bildirdi ki, bu məsələyə müqayisəli yanaşmaq lazımdır. “İstəyərdim ki, bu məsələyə müqayisəli yanaşım. Elə millət vəkilləri var ki, çox danışır, adlarını çıxışlarda görürük. Amma onların təklifləri bir dəfə də olsun nəzərə alınmır. Ancaq elə millət vəkilləri var ki, sessiya ərzində bir-iki dəfə danışır, görürsən ki, sanballı nəsə təkilf edir və qəbul da olunur”.
Səsi eşidilməyən millət vəkillərinə gəlincə, M.Aslanov bildirdi ki, bu sıradan olan millət vəkillərinin sayı coxdur və çox zaman susduqları üçün də adları yadda qalmır. Bununla belə o, qeyd etdi ki, Astan Şahverdiyev, Ceyhun Osmanlı, Abel Məhərrəmov və Əhməd Vəliyev daha çox susmağa üstünlük verir.
“Bu millət vəkillərinin bir dəfə də olsun hər hansı təklif irəli sürdüyünü eşitməmişəm”.

“Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli bildirdi ki, Milli Məclisin 90% millət vəkili passivdir.
P.Həşimlinin sözlərinə görə,  İqbal Ağazadə, Siyavuş Novruzov, Azay Quliyev və bir neçə millət vəkilini çıxmaq şərtilə digər deputatlarin səsi Milli Məclisdə eşidilmir.
Jurnalistin sözlərinə görə, bəzi millət vəkillərinin nəinki səsi eşidilir, heç Milli Məclisə gəlmirlər. ”Elə deputat var ki, 15-20 ildir millət vəkilidir, amma bir dəfə də olsun səsi eşidilməyib. Cəlal Əliyevin səsinin eşidilməyi bir yana, heç Milli Məclisə gəlmir”.  

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev bildirdi ki, millət vəkillərinin demək olar ki, 50%-nin səsini eşitməyib. “Deputatlardan yarısı susur, hansının adını çəkim?”.

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağaverdiyeva bildirdi ki, nəinki dördüncü çağırış Milli Məclisdə, elə əvvəlki çağırışlarda da eyni millət vəkilləri çıxış edib.
“Əslində bütün çağırışlarda eyni deputatlar çıxış edir. Səsi eşidilməyən millət vəkillərinin adlarını çəkməkdə çətinlik çəkirəm, çünki onların sayı çıxdur. Elə millət vəkilləri var ki, heç iclaslara gəlmir, nəinki onların səsini eşitmək, hec üzlərini də görmürük. Bütün həmkarlarım onların simasını da yaddan çıxarıb”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan  bildirdi ki, deputatların 90%-nin səsi eşidilmir. Danışan deputatlar isə hər zaman eyni şəxslər olur.
“Əksəriyyəti saxta deputatlardır. Onların işi sadəcə düymə sıxmaqdan ibarətdir. Susub danışmayanlardan elə biri mənim dairəmdən təyin edilən Gülçöhrə Məmmədovadır”. 

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfiqar Hüseynzadə hesab edir ki, səsinin vaxtaşırı eşidilməsi, yeri gəldi-gəlmədi çıxışa yazılmaq, ucuz reklam axtarışına çıxmaq millət vəkilinin aktivliyi və passivliyini ölçmək üçün əsas meyar ola bilməz.
“Ancaq bəlli depudatlar istisna olmaqla, əksəriyyətinin nə səsi səsdi, nə əməli əməl”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı bildirdi ki, söhbət yalnız Milli Məclisin iclaslarında danışmayan deputatlardan gedirsə, belələrinin sayı çoxdur. Onun sözlərinə görə, çıxış edənlər adətən eyni millət vəkilləri olur.
“Bir də görürsən, adam redaktorun yanında da utanır – bir iclasdan reportaj yazanda nə qədər eyni adamın fikirlərini yazmaq olar? Məsələn, hansısa deputat həm cari məsələlərin müzakirəsində, həm qanun layihələrinin müzakirəsində söz alır, həm də foyedə hansısa açıqlama verir. Bu cür deputatların sayı 20-dən artıq olmaz”.
F.Sabirqızı qeyd etdi ki, yeni seçilən deputatlardan konkret kimin çıxış etdiyini deyə bilməz. “Bəzən siyahıda yenilərinin də adlarını görürük. Amma onlardan yaddaqalan fikirlər eşitməmişəm. Hələlik bir neçə dəfə Fərəc Quliyevin, Çingiz Qənizadə, Musa Qasımlı və bir dəfə də Etibar Hüseynovun çıxış etdiyini xatırlayıram. Bəlkə də jurnalist kimi mənim üçün utandırıcı faktdır, amma “Avronest” Parlament Assambleyasının yaradılması ilə bağlı xəbərlər yayılana qədər mən parlamentdə Elxan Süleymanov adlı deputatın olduğunu bilmirdim”.
F.Sabirqızı daha sonra“etiraf etmək lazımdır ki, bəzi deputatlar Mili Məclisdə çıxış etməsələr də, digər ictimai işlərdə aktivlik edirlər”-deyə əlavə etdi.  

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı isə bildirdi ki, son iki çağırış Milli Məclisdə qadın deputatlar faha fəaldırlar: “Açıq deyim, indiki çağırış parlamentin deputatlarından yeni seçilənlərin çoxunun adını belə bilmirəm. Ona görə ad çəkə bilməyəcəm. Həm də dördüncü çağırış parlamentin fəaliyyətə başladığı müddət uzun zaman deyil. Ümumən onu deyə bilərəm ki, yeni seçilmiş deputatların çoxunun çıxışını eşitməmişəm”.

Sədaqət Süleymanova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj