Modern.az saytının məlumatına görə, Avropa Parlamentinin prezidenti Yerji Buzekin Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində Yerji Buzek Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, vətəndaş cəmiyyətinin və müxalifət partiyalarının nümayəndələri ilə görüşəcək.
Qeyd edək ki, AP prezidenti Azərbaycandan əvvəl Ermənistan və Gürcüstanda səfərdə olub.Buzekin siyasi partiya rəhbərləriiylə də görüşəcəyi gözlənilir. Onun müxalifət liderləri, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.
Səfərdən öncə Buzek deyib ki, demokratiyanın irəliləməsi, insan hüquqlarının əhatə olunması, qanunun aliliyinin möhkəmləndirilməsi, sabitliyin artırılması və rifahın yüksəlməsi hamının, Avropa İttifaqı və onun Şərq tərəfdaşlarının tərəfdaşlığı üçün bir tapşırıqdır: “Hər hansı qalmış bölücü sərhədləri aradan qaldırmaq üçün Şərq Tərəfdaşlığını qurduq. Qalan son divarları da dağıtmaq, xalqlarımız arasında əməkdaşlığa yol açmaq üçün bu, əsl cəhddir. Öz qonşularımıza daha yaxın olmaqla qlobal səhnədə birlikdə biz daha da güclü oluruq. Bu səfərlə bağlı ismarıcım Avropa qitəsində, bizim birgə evimizdə öhdəliklərin götürülməsi, qarşılıqlı şəkildə faydalı olan həll yollarının araşdırılması, təhlükəsizlik və sabitlik məkanının genişlənməsi və möhkəmləndirilməsidir”.
Avropa Parlamenti prezidenti regiona səfəri zamanı ölkə rəhbərləri ilə dondurulmuş münaqişələrin sülh yolu ilə həll imkanlarını müzakirə edəcəyini deyib: “Bu münaqişələr də ərazinin inkişafını və region ölkələri arasındakı əməkdaşlığı artıq neçə illərdir ki, ləngidir. Mənim məqsədim həm də enerji təhlükəsizliyi məsələsini qaldırmaqdır ki, bu da mənim mandatımın prioritetlərindən biridir."
Buzkin Bakı səfərinin proqramı:
Cümə, 20.05.2011
11.30 Azərbaycan Respublikası Milli Məclisinin parlament fraksiyaları ilə görüş
12.15 Azərbaycan Respublikası Milli Məclisinin Sədri c-b Oqtay Əsədovla görüş, daha sonra mətbuat konfransı
13.30 Vətəndaş cəmiyyəti təşkilatları ilə görüş
17.00 Azərbaycan Respublikası Prezidenti c-b İlham Əliyevlə görüş
18.30 Mətbuat konfransı Rotunda, Landmark
19.00 Müxalifət nümayəndələri ilə görüş
Modern.az