Modern.az

Misir Mərdanov direktorlara ciddi xəbərdarlıq edib

Misir Mərdanov direktorlara ciddi xəbərdarlıq edib

20 May 2011, 12:01

Modern.az saytının məlumatına görə, Bakıdakı 276 nömrəli tam orta məktəbdə ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı paytaxtın məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə təhsil naziri Misir Mərdanov, nazirliyin şöbə müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, idarənin məsul işçiləri və paytaxtın ümumtəhsil məktəblərinin, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbiri çıxış edən naziri Misir Mərdanov cari tədris ili ərzində ümumi təhsillə bağlı xeyli işlərin görüldüyünü diqqətə çatdırıb. Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirildiyini qeyd edən nazir bu məsələnin ölkə prezident İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanıldığını nəzərə çatdırıb. Nazir bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq işlər gördüyünü və baş verə biləcək neqativ halların aradan qaldırılması istiqamətində xüsusi tədbirlərin həyata keçirildiyini söyləyib.

Hazırda nümunəvi məktəblərin, təcrübəli məktəb direktorlarının, yüksək savada və intellektə malik olan yaradıcı müəllimlərin olduğunu deyən nazir onların Azərbaycan təhsilinə başucalığı gətirdiyini bildirib. Nazir xüsusilə Bakı Avropa Liseyinin, "Zəngi" liseyinin, akademik Zərifə Əliyeva adına tam orta məktəbin adlarını çəkərək həmin təhsil müəssisələrinin əldə etdikləri uğurlardan söz açıb, digər tədris ocaqlarını onlardan nümunə götürməyə səsləyib. M.Mərdanov ümumi mənafeyi şəxsi mənafedən üstün tutduğu təqdirdə həmin məktəbdə uğur qazanmağın, müsbət nəticələr əldə etməyin mümkünlüyünü vurğulayıb.

Ümumi orta təhsil sahəsində qazanılan nailiyyətlərlə yanaşı, bəzi problem və nöqsanların da olduğunu istisna etməyən nazir bunu təəssüf hissi ilə qarşıladığını, baş verən neqativ hallarla bağlı ciddi narahatçılıq keçirdiyini nəzərə çatdırıb. Təhsil naziri 2011-ci ilin yanvar - may aylarında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə Bakı şəhərinin ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlər haqqında məlumat verib. "Qaynar xətt" xidmətinə 127 məktəbdəki neqativ hallar barədə 223 müraciətin daxil olduğunu qeyd edən nazir bəzi faktları sadalayıb, adları qeyd olunan ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı öz iradlarını bildirib. Nazir, eyni zamanda  məktəb direktorlarına ciddi xəbərdarlıq edib, göstərilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması və müşavirədə söylənilənlərdən nəticə çıxarılması ilə bağlı konkret tapşırıqlarını verib.

Müşavirənin sonunda Misir Mərdanov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə idarənin əməkdaşlarının Bakıdakı ümumtəhsil müəssisələrində olmaları, baş verə biləcək neqativ halların vaxtında aradan qaldırılması, məktəblə valideyn arasında daha sıx əlaqənin təmin edilməsi, şagirdlərlə səmimi ünsiyyət qurulması və digər məsələlərlə bağlı tapşırıqlarını verib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər