"Bizim xalqlarımızı dərin tarixi köklər, mənəvi və mədəni dəyərlər birləşdirir. Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətləri məhz belə möhkəm təməllərə əsaslanır. Son illər ərzində Sizin rəhbərliyiniz altında Türkmənistan uğurlu inkişaf yolu keçmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Bu gün sürətlə inkişaf edən ölkənizin əldə etdiyi nailiyyətlər dövlət quruculuğu, sosial, iqtisadi, humanitar və digər sahələri əhatə edir. Qardaş Türkmənistanın bu uğurları bizi sevindirir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlamətdardır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu illər ərzində müxtəlif sahələri əhatə edən əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın rifahına xidmət edib".
Modern.az xəbər verir ki, bunu prezident İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, Azərbaycan-Türkmənistan əlaqələrinin iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün bu gün yaxşı imkanlar var: "Əminəm ki, bu səfər çərçivəsində keçirdiyimiz görüşlər, apardığımız müzakirələr, imzalanmış sənədlər və strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlığımızın inkişafına töhfə verəcəkdir.
Azərbaycan və Türkmənistan çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi bunun sübutudur.
Qeyd etməliyəm ki, Azərbaycan BMT Baş Məclisinin 2015-ci ilin iyununda keçirilmiş plenar iclasında yekdilliklə qəbul olunmuş “Türkmənistanın daimi neytrallığı” adlı qətnaməyə həmmüəllif kimi qoşulub.
Enerji sahəsində əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Biz bu sahədə işimizi daha da dərinləşdirmək əzmindəyik və bunun üçün də bütün imkanlar vardır.
Yaxın zamanlarda istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı kimi ölkələrimiz üçün yeni tranzit imkanları yaradır.
Bu gün həm Azərbaycanda, həm Türkmənistanda yeni dəniz limanları tikilir. Bu da gələcəkdə bizim nəqliyyat imkanlarımızı daha da artıracaqdır.
Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir.
Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli formatda müzakirələri davam etdirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyin tərəfdarıdır.
Azərbaycan və Türkmənistan xalqlarının tarixi, mədəni bağlılığını nəzərə alaraq, mədəniyyət, incəsənət, elm, təhsil, gənclər və idman sahələrində əməkdaşlığın möhkəmləndirilməsi mühüm aktuallıq kəsb edir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkmənistan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq edirlər: "2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu ilin may ayında Bakıda 50-dən çox ölkənin iştirakı ilə 4-cü İslam Həmrəyliyi Oyunları keçirilib. Bu, bizim İslam həmrəyliyinə verdiyimiz növbəti töhfədir.
2017-ci ilin sentyabr ayında Aşqabad şəhəri qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarına ev sahibliyi edəcəkdir. Asiya Oyunlarının bu coğrafiyada yaşayan xalqlar arasında əlaqələri daha da gücləndirəcəyinə, mədəni əməkdaşlığın gələcək inkişafına təkan verəcəyinə inanıram. Bu münasibətlə Sizi təbrik edirəm. Əminəm ki, bu Oyunlar ən yüksək səviyyədə keçiriləcəkdir".
21:45
Bu gün prezident İlham Əliyevin adından Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə rəsmi ziyafət verilib.
Modern.az xəbər verir ki, dövlət başçıları ziyafətdə çıxış ediblər.