"Hazırda ölkələrimiz arasında qarşılıqlı münasibətlər yüksək templərlə inkişaf edir. Azərbaycanla Türkmənistan nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq aparır. Ümumi sülh, xalqların tərəqqisi və təhlükəsizliyin möhkəmləndirilməsi ölkələrimiz üçün qlobal dəyərdir və Azərbaycan ilə Türkmənistan milli tərəqqi modelinə əsaslanaraq inamla inkişaf edirlər". Modern.az xəbər verir ki, bunu prezident İlham Əliyevin türkmənistlı həmkarının şərəfinə verdiyi rəsmi ziyafətdə çıxış edən Qurbanqulu Berdiməhəmmədov bildirib.
“Bu gün əziz dostumuz İlham Heydər oğlu ilə birlikdə bir daha əmin olduq ki, ölkələrimizi sərfəli coğrafi vəziyyət, vahid tarixi keçmiş və eyni baxışlar birləşdirir”, - deyən Türkmənistan Prezidenti ortaq ənənələrə malik xalqlarımızın dünya mədəniyyətinə böyük töhfələr verdiyini, bir çox qədim dövlətlərin yaranmasında əsas qüvvə kimi çıxış etdiklərini və qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında mədəni tellərin qorunaraq bu günə qədər gəlib çıxdığını diqqətə çatdırıb.
Hər iki ölkənin müstəqillik illərində bir çox sahələrdə böyük uğurlar qazandığını deyən Qurbanqulu Berdiməhəmmədov Azərbaycan xalqının əldə etdiyi nailiyyətlərin və gələcək uğurların onları sevindirdiyini bildirib. O, bu sahədə prezident İlham Əliyevin böyük və xüsusi xidmətlərinin olduğunu, Azərbaycan dövlətinin başçısının fəaliyyətinin təkcə regionda deyil, həm də dünya miqyasında bəhrələr verdiyini vurğulayıb.
“İlham Heydər oğlu ölkəsinə inamla rəhbərlik etməklə haqlı olaraq regionda və dünyada layiqli hörmət qazanıb. Bu, həqiqətən də belədir. Mən ölkələrimiz arasında münasibətlərin inkişafında və möhkəmlənməsində onun şəxsi xidmətlərini xüsusilə qeyd edirəm”, - deyən Türkmənistan Prezidenti məhz bu xidmətlərinə görə Azərbaycan Prezidentinə xalqı adından minnətdarlığını bildirib.
Ölkələrimizin xoş münasibətlərinin qarşılıqlı anlaşma üçün çox yaxşı şərait yaratdığını deyən Türkmənistan dövlətinin başçısı Azərbaycana budəfəki səfərinin qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün böyük imkanlar yaratdığını qeyd edib.
“Türkmənistan ilə Azərbaycan arasında inkişaf etməkdə olan əməkdaşlıq səfər zamanı bir sıra ikitərəfli sazişləri imzalamağa imkan verdi”, - deyən Qurbanqulu Berdiməhəmmədov bu sənədlərin əhəmiyyətindən danışaraq, onların olduqca aktual sahələri əhatə etdiyini və gələcəkdə xalqlarımıza böyük fayda gətirəcəyinə əminliyini bildirib.
Modern.az