"Yeni qanunun qəbulu istisna deyil"
Milli Məclisin payız sessiyasında “Siyasi partiyalar haqqında” qanuna baxıla bilər. Bu haqda Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Varşavadan 3 günlük səfərdən qayıdan millət vəkili deyir ki, səfərin əsas məqsədi məhz siyasi partiyalar haqqında qanun, əsasən də partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı Polşa təcrübəsini öyrənməkdən ibarət olub.
ATƏT-in təşkilatçılığı ilə baş tutan səfərdə Milli Məclis üzvləri ilə yanaşı Prezident Administrasiyasının və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin təmsilçiləri də iştirak ediblər. Əli Hüseynlinin sözlərinə görə, səfərin əsas məqsədi siyasi partiyaların maliyyələşdirilməsinə dair beynəlxalq təcrübəni öyrənməkdən ibarət olub:
“Çünki Azərbaycanda həm parlamentdə, həm də partiyaların özləri tərəfindən bu təklif səslənir. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, yaxud da qanuna əlavə və dəyişikliklər edilməsi təklif olunur. Azərbaycanda olan qanun köhnədir, hətta Konstitusiyadan öncə qəbul edilib. Təbii, onun dəyişdirilməsinə zərurət var. Həmin qanuna Milli Məclisin payız sessiyasında baxıla bilər. Hətta bu sahədə yeni qanunun qəbulu da istisna deyil”.
Komitə sədrinin sözlərinə görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Polşa parlamentinin qanunvericilik komitəsində yerli siyasi partiyalar haqqında qanunla tanış olublar. Polşa Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşdə də əsasən bu məsələ müzakirə olunub. Çünki Polşada siyasi partiyaların maliyyələşdirilməsinə seçki komissiyası nəzarət edir. Bundan əlavə, azərbaycanlı məmurlar ATƏT-in siyasi partiyalara dair seminarında da iştirak ediblər.
Fərəh Sabirqızı