Bakı-Tbilisi-Qars yeni dəmir yolunun bağlantısı ilə bağlı protokol imzalanıb. Nəqliyyat Nazirliyin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, 17-18 may 2011-ci il tarixlərində Nəqliyyat Nazirliyində Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Ramaz Nikolaişvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Gürcüstan respublikaları arasındakı əlaqələrin inkişafından, tranzit yüklərin daşınma potensialından, xüsusilə də Bakı-Tbilisi-Qars yeni dəmir yolunun tikintisi işlərinin gedişindən və digər məsələlərdən danışılıb.
Müzakirələrdən sonra tərəflər “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Sazişə” əlavə və dəyişikliklər barədə protokol imzalayıblar.
Protokolda qeyd edilib ki, sahənin layihələndirilmə, inşa, reabilitasiya-rekonstruksiya işlərinin, həmçinin müvafiq infrastruktur obyektlərinin tikintisinin maliyyələşdirilməsi Azərbaycan Tərəfindən Agent-Bank vasitəsilə ümumi məbləği 775 milyon ABŞ dolları təşkil edən kredit xətti hesabına həyata keçiriləcək. Kredit xətti iki tranşdan ibarətdi (Tranş A və Tranş B).
Tranş A - illik dərəcəsi 1% olmaqla 25 il müddətinə 200 (iki yüz) milyon ABŞ dolları həcmində, Tranş B - illik dərəcəsi 5% olmaqla 25 il müddətinə 575 (beş yüz yetmiş beş) milyon ABŞ dolları həcmindədi.
Qeyd edək deyək ki, Tranş-A çərçivəsində ayrılan vəsait bu layihə ilə bağlı 2007-ci ildən bəri görülən işləri əhatə edir.
Tranş-B-nin ayrılmasının səbəbləri isə son illər dünya bazarında mal-materialların qiymətlərinin qalxması, Marabda-Kartsaxi dəmir yolunun mövcud vəziyyətinin bütün detalları ilə yenidən qiymətləndirilməsi, işlərin kəskin iqlim şəraitində aparılması və s. ilə bağlıdır. Qeyd edək ki, yüklərin daşınmasının səmərəliliyinin artırılması, həmçinin işlərin daha sürətli və keyfiyyətlə aparılması üçün Azərbaycan və Gürcüstan tərəfi birgə müəssisə yaratmaq qərarına da gəliblər.
Modern.az