“Vətəni tanı” Ümumrespublika Kampaniyasının seçim turları davam etməkdədir. Layihə çərçivəsində növbəti tədbir Tovuz rayonunda baş tutub. Tədbirin açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirib ki, hazırda ölkədə gənclər siyasəti çox uğurla həyata keçirilir. Gənclərin hərtərəfli inkişafı üçün istər paytaxtda, istərsə də regionlarda əlverişli şərait yaradılıb. Tədbirin əhəmiyyətindən danışan T. Zeynalov qeyd edib ki, Gənclər Təşkilatları Milli Şurasının bu təşəbbüsü çox təqdirəlayiqdir.
Çıxış edən Milli Şuranın sədri, millət vəkili və eyni zamanda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hazırlanması istiqamətində işçi qrupunun üzvü Fuad Muradov qeyd edib ki, gənclər bütün istiqamətlərdə inkişaf ediblər. Millət vəkili gənclərlə bağlı hazırlanan yeni proqramdan da danışıb.
“Biz bu proqramın hazırlanmasında iştirak edirik. Burada çalışırıq ki, hər bir gəncin arzu və istəkləri proqramda öz əksini tapsın”.
F. Muradov Milli Şuranın bu istiqamətə bundan sonra da layihələr həyata keçirəcəyini qeyd edib.
Tovuzdan olan millət vəkili Qənirə Paşayeva çıxışında belə layihələrin keçirilməsinin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu gün Azərbaycan gəncləri həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdırlar.
Milli Şuranın baş katibi və eyni zamanda kampaniyanın rəhbəri Orxan Ərəbov çıxış edərək yarış haqqında gəncləri məlumatlandırıb. Onlara seçim turunun gedişatı haqqında danışıb. Gənclərə seçim turunda uğurlar arzulayıb.
150 tovuzlu gəncin qatıldığı yarışmada iki nəfər respublika turuna vəsiqə qazanıb.
|
|
|
|
|
|
|
|
|
|
|