Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan Dağlıq Qarabağın azərbaycanlı köçkünlərinin geri qayıdışının istisna olunmadığını deyib. Modern.az bildirir ki, bu barədə Saakyan “Exo Moskvı” radisouna müsahibəsində deyib.
“Biz həmişə beynəlxalq təşkilatlarla qaçqınlar məsələsini böyük həvəslə müzakirə edirik. Ancaq təəssüf ki, bu gün yalnız azərbaycanlı qaçqınlardan danışılır”-deyən qondarma qurumun rəhbəri qeyd edib ki, erməni tərəfi qaçqın məsələlərinin vahid konteksdə müzakirəsini istəyirlər.
“Biz hesab edirik ki, gec-tez biz azərbaycanlı və erməni qaçqınlarının tam bərabər hüquqlarının təmin olunması məsələsinə qayıtmağa borcluyuq”-deyə Saakyan deyib.
O həmçinin deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın rolu danılmazdır.
“Rusiyanın rolu burada olub, var, olacaq. Biz Rusiyanın Qarabağda iştirakını təkcə Minsk Qrupunun üzvülüyü ilə məhdudlaşdığını düşünmürük. Rusiya dedikdə Qarabağ xalqına dost olan bir dövlət kimi nəzərdə tuturuq. Biz Rusiya ilə olan münasibətlərimizi heç gizlətmirik. Hesab edirik ki, Rusiya burada daha geniş təmsil olunmalıdır. Fikrimizcə, Rusiyanın regionda məsuliyyəti o qədər böyükdür ki, bu dövlət Qafqazın həyatından kənarda qala bilməz”-deyə Saakayan deyib.
Qondarma qurumun rəhbəri həmçinin qeyd edib ki, Qarabağ üzərində məsuliyyət və cavabdehlik həmçinin ODKB-nin üzərinə də düşür.