Mayın 21-də haker hücumuna məruz qalan "Qafqazinfo" saytı sabahdan fəaliyyətə başlayacaq. Bu barədə Modern.az-a “Qafqazinfo”nun baş redaktoru Elburus Seyfullayev məlumat verib.
E.Seyfullayev bildirib ki, saytın bərpa olunması ilə bağlı hazırda sürətli işlər gedir, axşama kimi portal hazır olacaq, sabahdan işləyəcək, amma arxivi olmayacaq.
E.Seyfullayevin sözlərinə görə, saytın arxivini bərpa etmək mümkün deyil, arxiv zədəlidi.
Baş redaktor problemlə əlaqədar prezident İlham Əliyevə, milli təhlükəsizlik naziri Eldar Mahmudova, daxili işlər naziri Ramil Usubova, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova, Mətbuat Şurasının sədri Əflatun Amaşova ünvanladığını, hələ heç bir cavab almadığını bildirib:
“Hələki heç bir cavab almamışam, amma inanıram ki cavab veriləcək”.
E.Seyfullayevin sözlərinə görə, "Qafqazinfo" son iki ay rəzində 5 dəfə haker hücumuna məruz qalıb.
Sonuncu hücum nəticəsində "Qafqazinfo”da pornoqrafik saytlara keçid qoyulub. E.Seyfullayev deyir ki, qərara alıb yaxın günlərdə mətbuat konfransı keçirib, saytı gözdən salmağa, ona maneə olmağa çalışan qüvvələr barədə danışsın.
Mail Ağaxanov