Modern.az Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin hakim partiyanın saytına verdiyi müsahibəni təqdim edir.
- Səttar müəllim, həmkarlar ittifaqları ölkəmizdə əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malikdir. İlk öncə, istərdik ki, həmkarlar ittifaqlarının keçdiyi yol haqqında ümumi məlumat verəsiniz...
- 100 ildən çox tarixə malik Azərbaycan Həmkarlar İttifaqları respublikamız müstəqillik qazandıqdan sonra yeni mərhələyə qədəm qoyub. Konfederasiya Azərbaycan Həmkarlar İttifaqlarının 5 fevral 1993-cü il tarixli qurultayında təsis olunub. Əsas məqsəd qısa vaxtda dünya həmkarlar ittifaqının tərkib hissəsinə çevrilmək, böyük bir mexanizmin mərkəzdə cəmlənmiş səlahiyyətlərini paylaşdırmaq, hər bir strukturun səlahiyyətlərini özünə qaytarmaq və yeni islahatlar aparmaq idi.
Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı nəticəsində Azərbaycan Həmkarlar İttifaqlarının vəzifələri dəyişdi, onların sosial təyinatı, funksiyaları, fəaliyyətlərinin forma və metodları əsaslı şəkildə yenidən quruldu. «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilməklə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və onun statusu müəyyən edildi.
Prezident İlham Əliyevin həmkarlar ittifaqlarının sosial iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi də xüsusi rol oynadı. Ölkə prezidenti ötən illər ərzində xalqımızın etimadını qazanaraq, proqressiv islahatların reallaşdırılması sahəsində mühüm addımlar atıb, çoxsaylı dövlət proqramları, fərman və sərəncamlar imzalayıb.
- İşçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, təhlükəsizlik texnikası üzrə qayda və normalara əməl edilməsi məsələlərinə nəzarət haqda nə deyə bilərsiniz?
- İşçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, təhlükəsizlik texnikası üzrə qayda və normalara əməl edilməsi sahəsində ciddi işlər görülüb. Məlumat üçün deyim ki, 2010-cu ildə 25 sahə və 1 ərazi həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişlərinin iştirakı ilə əməyin mühafizəsi və istehsalat zədələnmələrinin qarşısının alınması məqsədilə 676 müəssisə və təşkilatda yoxlama aparılıb. Nəticədə sanitar qaydalara, istehsalat sanitariya və gigiyena normalarına və ekoloji təhlükəsizliyin tələblərinə əməl olunmaması üzrə 3039 fakt müəyyən edilib. Eyni zamanda, texniki müfəttişlər tərəfindən aşkar olunan pozuntuların 84,4 faizinin (2566) aradan qaldırılması təmin edilibdir.
Dövlət orqanlarında üzv təşkilatların mənafelərinin təmsil edilməsi, əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericilik aktlarının işlənib hazırlanmasında iştirak etməsi, qanunlara, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinə zidd olan qanunaltı aktlara yenidən baxılarkən təkliflərin irəli sürülməsi, vətəndaşların əmək hüquqlarının qiymətlərin və həyat səviyyələrinin yüksəlməsinə uyğun olaraq qorunması məqsədilə tədbirlərin həyata keçirilməsi, məşğulluq sahəsində qanunvericiliyə əməl olunmasına zərurətin təmin edilməsi, beynəlxalq həmkarlar ittifaqı hərəkatında iştirak etməsi, tabelikdə olan və əməkçilərin sanatoriya – kurort müalicəsi və istirahəti, ekskursiya – turizm, mədəni–maarif və idmanla məşğul olan təşkilatların fəaliyyətlərinin istiqamətləndirilməsi AHİK-in əsas funksiyalarıdır.
Ölkə iqtisadiyyatında çalışan işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında Azərbaycan höküməti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanılan üçtərəfli Baş Kollektiv Sazişin rolu böyükdür. Adı çəkilən sənəddə iqtisadi siyasət, əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazası və əhalinin məşğulluğu, sosial müdafiə, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, sosial tərəfdaşlıq və digər sahələrdə hər bir tərəfin öhdəlikləri təfsilatı ilə əks olunur, onların icrası üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmaqla, icrasına ciddi nəzarət edilir.
İşçilərin sosial müdafiəsi baxımından işəgötürənlərlə kompromis qərarların qəbul edilməsi, kollektiv müqavilələrə dair tövsiyələrə əməl olunması, üçtərəfli əməkdaşlıq, sosial dialoqun iştirakçıları arasında qarşılıqlı əlaqələr qurmaq əsas məqsədlərimizdir.
Bu gün Azərbaycan Həmkarlar İttifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biri olmaqla, cəmiyyətdə öz yerinin və rolunun möhkəmləndirilməsi üçün real yollar axtarıb tapır. Sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
- Həmkarlar ittifaqları respublikamızın ictimai həyatında mühüm rol oynamaqla əmək hüquqlarının qorunmasında da vacib bir təsisatdır. İnsanların əmək hüquqlarının pozulması hallarının aradan qaldırılması istiqamətində nə kimi işlər görülür?
- Həmkarlar ittifaqlarının fəaliyyətinin mühüm hissəsini təşkil edən məsələlər sırasında işçilərin əmək hüquqlarının müdafiəsinin həyata keçirilməsidir. Təkcə 2010-cu ildə Azərbaycan Həmkarlar İttifaqlarına ümumilikdə daxil olan 158627 ərizə-şikayətin 98,5 faizi işçilərin mənafelərinə uyğun olaraq, öz müsbət həllini tapmışdır. Rəhbər işçilər tərəfindən 17854 nəfər qəbul edilib. Qanunsuz olaraq işdən kənarlaşdırılmış 102 nəfər işçinin hüquqları həmkarlar ittifaqının müdaxiləsindən sonra bərpa edilib. 10 nəfər işçinin hüquqları isə həmkarlar ittifaqının nümayəndələrinin iştirakı ilə keçirilən məhkəmələrdə bərpa olunub. İl ərzində işəgötürənlərin həmkarlar ittifaqlarına müraciət etmələrinə baxmayaraq həmkarlar ittifaqları tərəfindən 452 nəfərin işdən çıxarılmasına razılıq verilməyib. Həmkarlar ittifaqlarının bu cür prinsipiallıq və obyektivlik göstərmələri, qərəzsiz olmaları onlara inamı artırır. Bəzi işəgötürənlərin müqavimət göstərmələrinə baxmayaraq, həmkarlar ittifaqlarının bacarığı və fəallığı sayəsində ötən il işəgötürənlərlə 11890 kollektiv müqavilə və 130 saziş bağlanıbdır.
26 sahə həmkarlar ittifaqını, 18 minədək ilk təşkilatı öz ətrafında birləşdirən AHİK və onun üzv təşkilatları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və səlahiyyətlərinin yerinə yetirilməsində uğurlu addımlar atırlar. Bütün bunların sayəsində respublikada həmkarlar ittifaqı hərəkatı xeyli dərəcədə möhkəmlənib, həmrəyliyi artıbdır.
- Səttar müəllim, AHİK-in beynəlxalq əməkdaşlığı hansı səviyyədədir?
- AHİK Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. 37 xarici ölkənin 42 həmkarlar ittifaqı mərkəzi ilə əlaqələr yaradıb, müntəzəm olaraq işgüzar görüşlər keçirir, beynəlxalq həmkarlar ittifaqları hərəkatının bərabərhüquqlu üzvü kimi, dünya həmkarlar ittifaqı hərəkatı ilə sülh, demokratiya, insan hüquqları və sosial tərəqqi uğrunda mübarizədə həmrəylik göstərərək əməkdaşlıq edir.
Son vaxtlar bu sahədəki nailiyyətlərimizi daha da artırmağa çalışırıq. Belə ki, AHİK Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası, Sverdlovsk Vilayətinin Həmkarlar İttifaqı Federasiyası və Gürcüstan Həmkarlar İttifaqları Birliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayıbdır. Bu müqavilələr bir daha səmərəli əməkdaşlığımıza imkan yaratmaqla ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir. Əməkdaşlıq müqavilələrin bağlanması Rusiya, Ukrayna, Qazaxıstan və Türkiyə həmkarlar ittifaqları mərkəzləri ilə də davam etdiriləcəkdir.
- Bildiyimiz kimi, Azərbaycanda kurort sahəsinin inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub, eləcə də bu istiqamətdə qanunvericilik bazası gücləndirilib. Atılan bu addımlar praktikada özünü necə göstərir?
- Respublika əhalisinin sağlamlığının qorunması və istirahətlərinin təşkili məsələlərinin həlli istiqamətində həmkarlar ittifaqları ardıcıl olaraq iş aparır. Dövlətimiz onun gördüyü işləri daim yüksək qiymətləndirir, bu istiqamətdə həmkarlar tərəfindən irəli sürülən təklifləri qəbul və müdafiə edir. İşçilərin və onların ailə üzvlərinin məişət və istirahətinin təşkilinə, sağlam həyat tərzi sürmələri üçün şərait yaradılmasına xüsusi önəm verən Azərbaycan həmkarlar ittifaqları bu məqsədlə onların sağlamlığının qorunması və istirahətinin təşkili sahəsində ciddi tədbirlər və islahatlar həyata keçirir. Onların sağlamlığını daim nəzarətdə saxlamaq üçün monitorinqlər keçirilir, üçtərəfli baş, ərazi, sahə müqavilələri imzalanır, istehsalat zədələrinin və peşə xəstəliklərinin azalmasına və profilaktikasına yönəldilmiş proqramlar işlənib hazırlanır.
«Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq olunması barədə» Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli sərəncamından sonra sanatoriyalar və istirahət evlərində yenidənqurma işləri daha da sürətləndirilibdir.
AHİK-in «Kurort» Səhmdar Cəmiyyəti müalicəyə və istirahətə gələnlərin normal müalicə və istirahətini təşkil etmək məqsədilə hər il daxili imkanları hesabına yenidənqurma və əsaslı təmir işləri aparır. Müalicə korpusları təmir olunur, abadlaşdırma, yaşıllaşdırma işləri görülür, vanna şöbələri, idman meydançaları tələbata uyğun olaraq yenidən qurulur.
«Bilgəh», «Abşeron», «Günəşli» və «Qaranquş» sanatoriyalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən lyuks tipli yataq kotecləri və otaqları istifadəyə verilibdir.
Bununla belə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının «Kurort» Səhmdar Cəmiyyəti əməkçilərin sağlamlığının qorunması və mühafizəsi üçün bütün daxili imkanlarını səfərbər edib və cəmiyyətin xidmətində olan müxtəlif profilli sanatoriyaların hamısında müalicəyə gələnlərin rahatlığını təmin etmək məqsədilə hər cür şərait yaradıbdırdır. Hal-hazırda həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir. Bu müəssisələrin 12600 çarpayı fondundan yalnız 2250–si sanatoriya-kurort müalicəsi və istirahəti üçün istifadə edilir. Bunun bir səbəbi orada qaçqınların məskunlaşması, çarpayı fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasıdırsa, bir hissəsi də texniki cəhətdən istismara yararsız olduğuna görə konservasiya edilməsidir. Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş soydaşlarımıza kömək məqsədilə sanatoriyalarımızın əksəriyyəti onların ixtiyarına verilib. Hazırda sanatoriyaların 70%-də 8500-ə yaxın qaçqın və məcburi köçkün yaşayır. Didərgin soydaşlarımıza göstərilən kommunal, səhiyyə və digər xidmətlərin xərci əsasən həmkarlar ittifaqları fondlarının hesabına ödənilir.
- Belə olan halda, AHİK öz imkanları hesabına istirahət mərkəzləri tikib istifadəyə verə bilirmi?
- Bəli, AHİK-in üzv təşkilatları öz vəsaitləri hesabına tikdirdikləri istirahət ocaqlarında da ittifaq üzvlərinin istirahətini təşkil edirlər. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran istirahət zonasında tikib istifadəyə verdiyi istirahət ocağında ildə 300 nəfər, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının «Lokomotiv» istirahət mərkəzində isə 420 nəfər dincəlir. Bundan əlavə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı 3 ha sahədə istirahət zonasının tikintisinin bir hissəsi yekunlaşdırılıb və dövlət qulluqçularının istifadəsinə verilib. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 260 yerlik istirahət ocağının 2012-ci ildə təhvil verilməsi nəzərdə tutulubdur.
İşçilərin övladlarının istirahətinin təşkili də diqqətdə saxlanılır. Onların təhsili, sağlamlığı, önəmli olduğu qədər istirahətləri də vacib şərtlərdən biridir. AHİK-in nəzdində uşaqlar üçün 4 uşaq sağlamlıq düşərgəsi fəaliyyət göstərir. Nabranda və Şüvəlanda Təhsil İşçiləri Azad HİRK, «Xidmət-İş» Hİ Federasiyası və Milli Elmlər Akademiyası Azad Hİ təşkilatları tərəfindən təşkil olunmuş düşərgələrdə hər il 2 mindən çox uşaq istirahət edirbdir. Düşərgələrin maliyyələşmə xidmətlərinin 50 faizi Dövlət Sosial Müdafiə Fondunun, qalan hissəsi isə müəssisələrin və onların həmkarlar ittifaqı komitələrinin vəsaiti hesabına aparılır.
- Səttar müəllim, görülən işlər nəticəsində Azərbaycan cəmiyyətində həmkarlar ittifaqlarının nüfuzu getdikcə artmaqdadır. Həmkarlar ittifaqlarında ölkəmizin aparıcı qüvvəsi olan on minlərlə gənc də birləşib. Ümumiyyətlə, bu mənada cəmiyyətin bu təşkilata etimadını şərtləndirən amillər nədən ibarətdir?
- Azərbaycan Həmkarlar İttifaqlarının işçilərin sağlamlıqlarının qorunması, onların istirahət və müalicələrinin təmin edilməsi sahəsində apardıqları iş respublika rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilibdir. Azərbaycan Turizm və Ekskursiyalar üzrə Respublika Şurasının 70, kurort sahəsinin 60 illiyi münasibətilə 30 nəfər həmkarlar ittifaqı fəallarının respublikanın orden, medal və fəxri adları ilə təltif edilməsi haqqında prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar onun respublika həmkarlar ittifaqlarının bu sahədəki fəaliyyətinə verdiyi ən yaxşı qiymətdir.
1 milyon 600 min nəfəri özündə birləşdirən, böyük gücə və nüfuza malik olan Azərbaycan Həmkarlar İttifaqları bütün qüvvələrini işçilərin sosial müdafiəsi, o cümlədən işçilərin sağlamlığının qorunması və istirahətinin təşkili məsələlərinin ədalətli həllinə yönəldir, qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə səy göstərir.
Ən önəmli vəzifələrdən biri də hazırda həmkarlar ittifaqı sıralarında cəmləşən gənclərimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atmaqdır. Bu məqsədlə həmkarlar ittifaqlarının bütün vəsilələrinin imkanlarından maksimum istifadə edərək, gənclərin problemlərinin həllinə çalışırıq. Bu gün 306.532 nəfər gənc həmkarlar ittifaqlarında birləşir. Onlardan 865 nəfəri həmkarlar ittifaqı komitələrinə rəhbərlik edir. AHİK-in və üzv təşkilatlarının Gənclər Şuraları fəaliyyət göstərirlər.
Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqrammı haqda sərəncam həmkarlar ittifaqı üzvü olan gənclərimizin də qarşısında yeni imkanlar açıb. Məhz bu proqramın məqsədini və əhəmiyyətini gənclərlə birlikdə müzakirə etmək üçün 16 may 2011-ci il tarixdə AHİK-də yüzlərlə gəncin iştirakı ilə görüş keçirilibdir. Həmin tədbirdə gənclərin irəli sürdükləri təklifləri, rəyləri nəzərə alaraq konkret tədbirlər görüləcəkdir.
Müasir Azərbaycan cəmiyyətində həmkarlar ittifaqlarının nüfuzunun getdikcə artması, əhalinin sosial-iqtisadi problemlərinin həlli sahəsində həyata keçirilən bütün tədbirlər Azərbaycan Həmkarlar İttifaqlarına göstərilən böyük inam və etimadın bariz nümunəsidir.
Modern.az