Modern.az

Monqollar Bakıda Azərbaycanın təcrübəsini öyrənirlər

Monqollar Bakıda Azərbaycanın təcrübəsini öyrənirlər

23 May 2011, 18:21

Azərbaycanın Dövlət Gömrük Komitəsi və Monqolustan Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol”a uyğun olaraq artıq bir neçə gündür ki, Monqolustan Baş Gömrük İdarəsinin mütəxəssisləri ölkəmizdə səfərdədirlər.
Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.

Monqolustan Baş Gömrük İdarəsinin kinoloqları Battumur Bayasgalan və Yadamsuren Munkhnasan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində yerli kinoloqların təcrübəsindən yararlanmaq məqsədilə təlim kursları keçirlər. Bir ay davam edəcək təlim kurslarında monqolustanlı kinoloqlar xidməti itlərdən narkotik vasitələrin, silah-sursatın axtarışında daha da səmərəli istifadə etməyi öyrənəcək, eyni zamanda gündəlik iki saat müddətində tədris materiallarının köməyi ilə nəzəri təcrübədən yararlanacaqlar.

Kinoloji Mərkəzin bazasında onlara ayrılmış iki baş xidməti itlə təlim kurslarına qatılan monqolustanlı kinoloqlar Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin üstün imkanlarından razılıqlarını ifadə edib, beynəlxalq standartlar səviyyəsində inşa edilən bu müasir təlim ocağında keçirilən kursların qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradacağına əminliklərini ifadə ediblər.

Sonda qonaqların təlim keçdiyi itlərə xüsusi sertifikatlar veriləcək, eləcə də Monqolustan Baş Gömrük İdarəsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təlim keçmiş iki baş it hədiyyə ediləcək.

İndiyədək Azərbaycan Gömrük Xidməti tərəfindən Bolqarıstan, Moldova, Rumıniya, Türkiyə, Gürcüstan və Makedoniya gömrük xidmətlərinə də təlim keçmiş itlər hədiyyə olaraq verilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular