Azərbaycanda 01 aprel 2011-ci il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1286030 nəfər təşkil edir. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Bildirilib ki, cəmi əmək pensiyası alan şəxslərin 39 faizi kişi, 61 faizi isə qadındır. Onlardan 64 faizi yaşa görə, 25 faizi əlilliyə görə, 11 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır.
Qeyd edək ki, əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var: - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikdən sonra iyulun 1-dən etibarən Azərbaycanda 2006-cı il yanvarın 1-dək təqaüdə çıxanların pensiyası 40 fazi artacaq.
Modern.az