Modern.az

“İndi deməsin”, “Sağlığında deyib” ifadələrini işlətmək düzgündürmü?

“İndi deməsin”, “Sağlığında deyib” ifadələrini işlətmək düzgündürmü?

24 May 2011, 12:27

Dünyasını dəyişən insanlar haqda danışarkən tez-tez  “indi olmasın, indi deməsin”, “sağlığında deyib” və s. bu kimi ifadələr işlədirik. Bu ifadələrin işlədilməsi nə qədər məntiqlidir?

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru İlham Tahirov zaman-zaman işlətdiyimiz bu ifadələrin düzgün olduğunu və ədəbi dilin qaydalarını pozmadığını bildirib. O qeyd edib ki, “indisi olmasın”, “sağlığında demişdir” ifadələrinin işlətmək olar:

“Bu kimi ifadələrin işlədilməsi düzgündür. İnsan yaşadığı, həyatda olduğu müddətdə hansısa fikirlər söyləbəyibsə, sonradan kimsə onun haqqında danışarkən deyə bilər. Bu təbiidir”.

İ.Tahirov uzun illərdir dildən-dilə keçən bu səpkili deyimlərin işlədilməsində heç bir qəbahət olmadığını söyləyib: ““Sağlığında” sözü bir qədər də həmin situasiyanı konkretləşdirir. Hər hansı fikirdə müəyyənlik və qeyri-müəyyənlik məsələsi var. Dünən, bu gün hər hansı zamanı göstərirsə “sağlığında sözü” də həyatdan köçmüş insanın daha konkret olaraq onun həyatda olan müddətini göstərməklə bağlı işlədilir. Hər zaman belə ifadələrdən istifadə edilib. İnsan kiminsə haqqında danışarsa, bu ifadələrdən normal şəkildə istifadə edə bilər. Buna qadağa qoymaq və nəsə bir maneə törətmək düzgün olmazdı”-deyə filologiya elmləri doktoru əlavə edib.

Türk Dünyası Gənc Yazarlar Birliyinin sədri Əkbər Qoşalı bildirib ki, bu kimi ifadələr xalqın içindən gələn və zamanla yaşamaq hüququ qazanan ifadələrdir:
“Hesab edirəm ki, bir çox deyimlər kimi, bu deyimlər də gözəldir. Məncə, bu deyim, haqq dünyasında olanı rahatsız etməmək, onu haqsız dünyanın işlərinə bulaşdırmamaq düşüncəsinin məhsuludur. Başqa sözlə, o dünyada olan insanı sanki mühakimə edərmiş kimi danışmaq, onun zamanında dediyi sözləri şərh etmək "indisi olmasın" deyiminə ehtiyac yaradır. Kim bilir, "indi" deyilən zaman o necə davranardı? Odur ki, bu deyimi doğru hesab edir, onun qorxu yox, sayğı yüklü olduğuna inanıram”-deyə Ə.Qoşalı qeyd edib.

Müsahibimiz dünyasın dəyişən insanlar haqda danışarkən bir çox hallarda işlətdiyimiz “filankəs sağlığında belə deyirdi” ifadəsi ilə bağlı bir çox maraq doğuran nüanslara toxunub. O, vurğulayıb ki, bu ifadə həyatda olmayan kəsi həmin xəbərsiz insanın deyə biləcəyi ehtiyatsız ifadədən qorumuş olur: “Yəni həmin adam artıq həyatda yoxdur. Bəlkə söhbət iştirakçılarından kimsə haqqında danışılanın haqq dünyasında olduğunu bilmir. Hər halda,  bu kimi ifadələrin işlədilməsini düzgün sayıram”.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular