Modern.az

Dövlət başçısı Şəmkirdə - YENİLƏNİB

Dövlət başçısı Şəmkirdə - YENİLƏNİB

20 Avqust 2017, 12:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfərə gəlib.

 

Dövlət başçısı ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

 

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

 

Bildirildi ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.

 

***

 

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mühüm yol-nəqliyyat layihələri reallaşdırılır. Bu yollardan biri də Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yoludur.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.

 

Bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.

 

Bildirildi ki, layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib. İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq.

 

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

***

 

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.

 

Muzeydə həm ölkəmizin, həm də Şəmkirin tarixini əks etdirən eksponatlar var. Bu eksponatlar turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.

 

Dövlətimizin başçısına məlumat verildi ki, Tarix-Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb. Bu işlər ötən ilin noyabrında başa çatdırılıb. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə məlumatlar var.

 

Prezident İlham Əliyev yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə və eksponatlarla tanış oldu.

Bildirildi ki, muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6 minə yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir.

 

Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti var.

 

Binanın həyətyanı sahəsində yaradılmış “Açıq muzey”də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək