Modern.az

İqlim dəyişkənliyi Azərbaycanda köçəru quşların sayını kəskin azaldıb…

İqlim dəyişkənliyi Azərbaycanda köçəru quşların sayını kəskin azaldıb…

24 May 2011, 15:29


Payız və yaz fəsli həm də quşların köçü ilə yaddaşlara hopub. Durnalar bu mənada daha məhşurdur. Klassiklərimizdən tutmuş müasirlərimizə qədər ədəbiyyatda durnalara xeyli sayda xitab edən olub. Onların azad olmasına, köç etməsinə həsəd aparanlar da az olmayıb…

Qeyd edək ki, son illərə qədər hətta Bakıda müxtəlif quşların Azərbaycana gəlməsi və ya getməsinin canlı şahidi olurduq. Son belə köçləri az-az müşahidə edə bilirik. Bir sıra mütəxəssilər son illər quşların hava ilə əlaqədar köçünün əvvəlki illər kimi çox olmadığını iddia edirlər.
Səbəb kimi ekologiya və iqlimdə dəyişiklərin baş verməsi göstərilir.

Azərbaycan Ornitloji Cəmiyyəti bu məsələnin tədqiqi ilə məşğuldur.

Cəmiyyətinin sədri Elçin Sultanov da bildirib ki, baş verən kiçik iqlim dəyişkənliyi quşların köçünə təsir edir: “Qlobal və qısa müddətli iqlim dəyişkənliyi mövcuddur. Qısa müddətli iqlim dəyişkənliyi isə hər zaman olub. Müəyyən 20, 30, 50, 100 illik müddətlərdə iqlim gah bir az soyuyur və ya gah da isinir.  Amma bunun ilk növbədə quşların köçünə də təsiri olur”.

E.Sultanovun sözlərinə görə, Azərbaycana quşlar əsasən Tundradan- bir sözlə, Şimal yerlərindən gəlir: “Bizdən bir az şimalda-Şimali Qafqaz, Volqa deltasında qış yumşaq keçəndə həmin köçəri quşlar Azərbaycana gəlmir və orada qışlayırlar. Amma qış şimalda sərt keçəndə daha çox quş Azərbaycana gəlir. Bu da çox dəyişkəndir, il-ilə bənzəmir. Ümumiyyətlə, deyirlər ki, iqlim yumaşalmağa doğru gedir, daha isti olur. Görək bu il yay necə keçəcək… Qışı çox yumşaq keşdi. Amma keçən il qış çox sərt keçdi və qışlayan quşların sayı bəzi yerlərdə 3-4, hətta 5 dəfə indikindən çox idi”.

Cəmiyyətin sədri onu da qeyd edib ki, Cənubda qışlayan quşlar  əsasən həşarat yeyən quşlardır: “Bizdə qış nə qədər yumşaq olsa da, bilirik ki, qışda həşaratlar olmur. Ona görə bu quşlar qışda Cənuba uçurlar. Tək-tək növlər var ki, məsələn Ağ leylək, Qarıldaq, bunlar qış yumşaq olanda qalırlar. Amma növbəti sərt qışda qalıb ya qırılırlar, ya da onlar da Cənuba uçmağa məcbur olurlar”.

Müsahibimiz son illər Azərbaycandan gedən və qayıtmayan quşların olmadığını vurğulayıb: “Əgər belə hadisə olarsa, onda həmin quşlar nəsli kəsilməkdə olanların siyahısına aid edilir. Dünyanın qırmızı siyahısından Azərbaycanda 28 növ quş var. Azərbaycan “Qırmızı kitabı”na isə hələ ki 36 növ quş salınıb. Amma onların hamısına az da olsa, Azərbaycanda rast gəlinir.
Yəni qeyd edildiyi kimi ciddi dəyişiklik yoxdur ki, hər hansı növ birdən-birə yoxa çıxsın və s…”.

Elçin Sultanov 30-40 il əvvəllə müqayisədə hazırkı zamanda köçəri quşların gəlişində vaxt baxımından dəyişiklik olmadığını söyləyib: “Amma qışlayan quşların sayı, xüsusilə bataqlıq quşlarının sayı azalır. Vaxt məsləsində böyük dəyişiklik yoxdur. İldən-ilə fərq ola bilər, yəni quşlar bir az tez və ya gec gələ bilərlər. Qışlayan quşların sayı, xüsusilə su-bataqlıq quşlarının sayı təbii ki, azalır. 50 il qabaq yazırdılar ki, Azaərbaycanda qışda 2 milyon ördək ovlanır. Bu, 60-ci illərə aid nümunədir. Amma indi heç qışlamada o qədər quş yoxdur, ən çox olanda 1 milyondan, bir az artıq quş olur. Təbii ki, onlardan da hamısı ovlanmır, bir hissəsi, təxminən 30 faizi ovlanır.
Deməli Azərbaycanda qışlayan quşların sayı təxminən 10 dəfə azalıb”.

Həmsöhbətimizin sözlərinə görə, bu da su quşlarına aiddir: “Bizdə də əsasən su quşları qışlayır. Azalmanın səbələrindən biri budur ki, bəzi göllər qurudulub. Bir sıra göllər isə tam qurumasa da, orada quşlar üçün şərait yoxdur. Buna görə də onlar burada deyil, başqa yerlərdə gedib qışlayırlar.  Bundan başqa, onların ümumi sayının yuvalama yerlərində də azalması da bir faktordur. Təəssüf ki, bunları dəqiq bilmirik. Amma Qu quşu, Bəzgəkin qış sayı 150-200 minə çatır. Bunlar dünyanın qırmızı siyahısındadır, amma bizdə çox böyük miqyasda qışlayır”.

Köçəri quşlar Azərbaycandakı quşların təxminən 50-60 faizinə çatır. E.Sulatov hesab edir ki, bunların təxminən 30 faizi oturaq, 10-15 faizi isə qışlayan quşlardır:
“Köçəri deyəndə nəzərdə tutulur ki, bunlar yalnız köç edir, yəni Azərbaycanda nə qışlayır, nə yuvalayır. Yaxud da ya qışlayır, ya da yuvalayır. Məsələn, ördəklərdən yaşılbaş ördəyin 5 faizi bizdə yuvalayır, qalanı Azərbaycana ancaq qışlamaya gəlir. Qaşqaldaq da həmiçinin, 5-10 faizi bizdə yuvalayır, qalanları isə ancaq qışlayır”.

Elçin Sultanov Azərbaycana köçəri quşların əsasən Qərbi Sibir, Volqa-Ural, Qərbi Qazaxıstandan gəldiyini vurğulayıb: “Lakin ayrı-ayrı halqalanma nəticəsində Almaniyadan, Skandinaviya ölkələrində də gələn köçəri quşlar olur. Amma bu çox az saydadır. Bizdə yuvalayan quşlar isə qışlamaya Şimal-Şərqi Afrikaya, Cənubi İrana, Ərəbistan ölkələrinə və az sayda Hindistana uçurlar”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər