"Belovejsk sazişi"ni imzalayan Belorus Ali Sovetinin keçmiş sədri deyir ki, məhz bu sazişə görə, bir damla qan tökülmədən SSRİ-nin süqutu baş verdi
Bu il SSRİ-nin dağılmasının 20 ili tamam olur. 1991-ci ildə Sovet İttifaqı üç respublikanın Rusiya Federasiyasının, Ukraynanın və Belorusiya (indiki Belarus) rəhbərlərinin imzaladığı “Belovejsk sazişi” ilə tarixin arxivinə verildi.
Belorus Ali Sovetinin keçmiş sədri, SSRİ-nin dağılmasını əsasını qoymuş “Belovejs sazişi”ni imzalayan Stanislav Şuşkeviç bundan peşman olmadığını deyib. Modern.az “Exo Moskvı” radiosuna istinadən bildirir ki, Şuşkeviç canlı efirdə müsahibəsi zamanı SSRİ ilə bağlı sualları da qısa şəkildə cavablandırıb. O, bu addımı ilə bağlı ünvanına səslənən tənqidləri normal qarşıladığını qeyd edib.
“Nə qədər istəyirlər məni söysünlər. Məhz bu sazişə görə, bir damla qan tökülmədən SSRİ-nin süqutu baş verdi. Bu saziş Sovet İttifaqının süqutunun hüquqi cəhətdən təsdiq edilməsi idi. Əslində isə SSRİ-nin dağılması avqust ayında artıq baş vermişdi. Bizim cəsarətimiz çatdı ki, məsələni öz adı ilə adlandıraq. Baxın - bir damla qan belə axıdılmayıb”-deyə Şuşkeviç bildirib.
Jurnalistin “Qafqazda xeyli qan töküldü axı” sualına onun cavabı birmənalı olmayıb.
“Buna qədər və bundan sonra Qafqazda baş verənlərin heç birinin “Belovejsk sazişi”nə dəxli olmayıb”-deyə Şuşkeviç bildirib.
Qeyd edək ki, Stanislav Şuşkeviç 1991-1994-cü illərdə Belorusiya Ali Sovetinin sədri olub. S.Şuşkeviç, Boris Yeltsin və Leonid Kravçuk SSRİ-nin rəsmi olaraq süqutu sayılan “Belovejsk sazişi”ni imzalayıblar. Hazırda Şuşkeviç Belorus müxalifətinin rəhbərlərindəndir.
Modern.az