Bu gün Səbail Rayon Məhkəməsində Bakı Şəhər Prokurorluğunun aprelin 2-də İctimai Palatanın (İP) Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP üzvü Məhəmməd Məcidlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması haqqında verdiyi təqdimat əsasında məhkəmə prosesi keçirilib. (APA)
Vəkil Əsabəli Mustafayevin verdiyi xəbərə görə, məhkəmə prokurorluğun vəsatətini təmin edərək, həmin şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin daha 2 ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Xatırladaq ki, aprelin 2-də A. Hacılının da üzvü olduğu İctimai Palata Bakının mərkəzində etiraz aksiyası keçirməyə cəhd edib. Həmin gün baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbail rayon Məhkəməsi Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.