Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafı ilə əlaqədar müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi
tapşırıqların icrası ilə tanışlıq üçün ayrı-ayrı yaşayış sahələrində olub.
Mayın 24-də dövlət başçısı paytaxtın Şüvəlan və Sabunçu qəsəbələrində görülən işlərlə yaxından tanış olub.
İlham Əliyev əvvəlcə Xəzər rayonunun Şüvəlan qəsəbəsində olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov Şüvəlan qəsəbəsinin sxemi əsasında həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə
dövlət başçısına məlumat verib. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi
inkişafına həsr olunmuş müşavirədə Prezidentin verdiyi tapşırıqlara uyğun olaraq paytaxtın digər kənd və qəsəbələrində
olduğu kimi, Şüvəlanda da abadlıq və quruculuq tədbirlərinə başlanılıb. Qəsəbədaxili yollar əsaslı şəkildə yenidən
qurulur. İndiyədək Şüvəlan qəsəbəsinin küçələrində 30 min kvadratmetr asfalt işləri aparılıb, piyada keçidləri və
səkilər tamamilə yenidən qurulub.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb.
Şüvəlan qəsəbəsində görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı Sabunçu qəsəbəsinə gəlib. Bu il aprelin 27-də
Prezident İlham Əliyev Sabunçu sakinləri ilə görüşərkən onlar dövlət başçısından Sabunçu qəsəbəsindən
Bakıxanov qəsəbəsinə və Heydər Əliyev prospektinə Aeroport istiqamətində nəqliyyatın çıxışını təmin etmək üçün yeni
yolun çəkilməsini xahiş etmişdilər. Həmin gün Prezident İlham Əliyev Sabunçu qəsəbəsindən Bakıxanov qəsəbəsinə
və Heydər Əliyev prospektinə Aeroport istiqamətində nəqliyyatın çıxışını təmin edəcək yeni yolun keçəcəyi ərazi ilə
yerindəcə tanış olmuş və məsələnin həlli ilə bağlı müvafiq göstərişlərini vermişdi.
Dövlət başçısının tapşırıqları qısa vaxt ərzində və yüksək keyfiyyətlə həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov yeni yolun tikintisi barədə Prezidentə məlumat verib. Bildirib ki, min metr uzunluğu olan
yeni yolda 12 min kvadratmetr asfalt işləri aparılıb, 4 min metr uzunluğunda səkilərə xaricdən gətirilmiş qranit döşənib.
Yağış sularının axıdılması üçün 500 metr uzunluğunda boru xətti çəkilibr. Yol boyu xaricdən gətirilmiş işıq
dirəkləri quraşdırılıb. Yolun keçdiyi ərazidə məskunlaşmış 25 qaçqın ailəsi yeni mənzillərlə təmin edilib. Yolun
yatağı 2 metrdən 6 metrə qədər qaldırılıb. Yeni yolun istifadəyə verilməsi 40 min əhalisi olan Sabunçu qəsəbəsinin
Bakıxanov, Qaraçuxur qəsəbələrinə, Əmircan və Bülbülə kəndlərinə, o cümlədən Heydər Əliyev prospektinə çıxışını
tam təmin edəcək və məsafəni xeyli azaldacaq.
Yeni yolla tanış olan dövlət başçısı sakinlərlə görüşüb.
Sabunçu qəsəbəsinin sakinləri yeni yolun qısa vaxt ərzində yüksək keyfiyyətlə istifadəyə verilməsinə görə Prezident
İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.