Modern.az

100-dən artıq kəhriz bərpa olunub

100-dən artıq kəhriz bərpa olunub

25 May 2011, 12:01

Naxçıvan Muxtar Respublikası Höküməti, Beynəlxalq Miqrasiya Təşkilatı və  İsveçrə Höküməti, 1 Noyabr 2007-ci il tarixdən 31 May 2011-ci ilə tarixədək Naxçıvanın kənd ərazilərində həyata keçirilən “Kəhrizlərin Bərpası Vasitəsilə Naxçıvanın Kənd İcmalarında İqtisadi İnkişafın Təşviq Edilməsı Və Gəlir Sahələrinin Yaradılması” layihəsinin son fazasının yekunlaşmasını qeyd edir.

Modern.az saytının məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatı,  İsveçrə Hökümətinin maliyyə dəstəyi ilə 2007-ci il tarixdən başlayaraq Naxçıvan Muxtar Respublikasında kəhriz kimi tanınan 100-dən artıq ənənəvi yeraltı su təchizatı sistemlərinin bərpasını və inşaasını həyata keçirib. Bərpa işlərindən başqa, BMqT kankan kimi tanınan cavan mütəxəssislərə peşəkar təlimlər təşkil edib, yeni texnologiyalar təqdim edib, kəhriz bərpası üçün təhlükəsizlik qaydaları tərtib edib, kənd təsərrüfatının və kiçik biznesin inkişafını dəstəkləyib və kəhrizlərin qorunub saxlanılması mexanizmlərini hazırlayıb. Bundan əlavə, BMqT kəhrizlərə aid mövcud qanunvericiliyi təhlil edib və su təchizatı sistemlərinin uzun müddətli qorunub saxlanmasının təmin olunması yollarına dair müvafiq tövsiyyələr hazırlayıb.

Layihənin icrası nəticəsində Naxçıvan Muxtar Respublikasında mövcud olan kəhrizlərin ¼ bərpa olunub və hər bir kəhrizin illik su sərfi orta hesabla 3 dəfə artıb. Səmərəli suvarma sistemlərinin yaradılması və içməli su təchizatının yaxşılaşdırılması nəticəsində 3100 təsərrüfat suvarma, 2700 təsərrüfat isə içməli su ilə təmin edilib. Öz növbəsində bu  Naxçıvan MR-da kənd ərazilərinin iqtisadi inkişafına dəstək verir və insanların öncə su azlığından əzziyyət çəkdiyi yerlərdə qalmaqları üçün imkanı yaradır.

Layihənin müvəffəqiyyətlə başa çatması ilə bağlı mayın 24-də Naxçıvan Dövlət Universitetində mərasim keçirilib. Bu mərasimdə bərpa olunan 100 kəhrizə dair texniki sənədlər Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə təhvi verilib. 21-ci əsrdə inşa edilmiş 2 yeni kəhriz də hökümətə təhvil veriləcək. Tədbir zamanı kəhriz bərpası işlərində  fədakarlıqla çalışmış 15 kankan da mukafatlandırılıb.

Tədbirdə İsveçrənin səfiri, Naxçıvan MR-nın rəsmiləri, BMqT, su ehtiyatlarının inkişafına aidiyyəti olan müxtəlif hökümət qurumlarının nümayəndələri, Sudan İstifadə Edənlər Komitələri, kankanlar və Naxçıvan Dövlət Universitetinin professorları iştirak ediblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal