İlk dəfə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" bu gün cavab oyununa çıxacaq. Belə ki, təmsilçimiz turnirdə Danimarkanın "Kopenhagen" komandası ilə qarşılaşacaq.
Modern.az-ın məlumatına görə, Avropa Azərbaycanlılar Konqresinin vitse-prezidenti, Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi “Qarabağ”-“Kopenhagen” oyunun təşkilati məsələlərini öz üzərinə götürüb.
Maraqlıdır, azərkeşlər “Qarabağ”a necə dəstək olacaq? Təşkilati məsələlər nə yerdədir?
S.Sadiqi Modern.az-a açıqlamasında bildirib ki, müxtəlif ölkələrdə yaşayan vətəndaşlarımız “Qarabağ”a dəstək olmaq üçün müraciət edib:
“Əvvəlcədən “Qarabağ” klubunun mətbuat katibi ilə əlaqə yaradıb “Vətən” cəmiyyəti olaraq bütün təşkilati məsələləri öz üzərimizə götürmüşdük. Burada insanların matça toplanmasının təşkili əsas məsələ idi. Biz öz növbəmizdə bütün azərbaycanlıları yığdıq. Hər bir stadionda qonaq komandanın sektoru olur. Azərkeşləri həmin sektora toplayıb birlikdə “Qarabağ”a dəstək olmaq və Azərbaycan bayraqlarını birlikdə dalğalandırmaq əsas məqsədimiz idi. Çünki danimarkalıların yanına düşsək fanatların arasında heç nə edə bilmərik.
Eyni zamanda bizə türklərdən, gürcülərdən, türkmənlərdən və Almaniya, İsveç kimi digər ölkələrdə yaşayan vətəndaşlarımızdan dəstək gəldi. İsveçdən “Xəzər” cəmiyyətinin rəhbəri Leila Kiani, Azərbaycandan isə jurnalist Elnur Eltürk xüsusi aktivlik göstərdi”.
“Qarabağ” irəli!...
S.Sadiqinin sözlərinə görə bütün azərkeşlər oyuna tam hazırdır:
“Biz biletlərin internetdən alınması ilə bağlı elan verdik. Sosial şəbəkə hesabımda da bütün məlumatları detalları ilə paylaşıb insanlara izah edirdim ki, çətinlik çəkməsinlər.
“Vətən” cəmiyyəti olaraq buradakı azərbaycanlılara bilet əldə etmək üçün köməklik etdik. Biletlər 25 avrodan satılırdı.
Artıq 15-20 gündən çoxdur ki, təşkilat məsələləri ilə məşğuluq. Bu gün bütün bayraqlarımız, plakatlarımızla oyuna tam hazırıq. Hamı mütəşəkkil formada bir saat qabaq stadionun qarşısında toplanacaq və həmin sektora gedəcək. “Qarabağ irəli”, “Qarabağ xoş gəldin” şüarlarımız olacaq. Öz səsi ilə bizi arxasınca aparacaq xüsusi insanlar da var. Yəni hər şey yüksək səviyyədə təşkil olunub.
Bir neçə saatdan sonra oyun başlayacaq və inanırıq ki, “Qarabağ” qalibiyyəti ilə bizi sevindirəcək”.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-ə təyin olunub. Görüş Kopenhagendəki "Parken" stadionunda keçiriləcək.