Modern.az

İlham Əliyev: "...Yaxşı ki, mənə məlumat verildi"

İlham Əliyev: "...Yaxşı ki, mənə məlumat verildi"

25 May 2011, 12:21


Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin abadlaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün dünən paytaxtın Şüvəlan və Sabunçu qəsəbələrində olub, əhali ilə görüşüb. Bu görüşdə sakinlərə deyib ki, çox böyük proqram həyata keçirilir və orada hər bir qəsəbə üçün xüsusi məsələlər nəzərdə tutulub, onlar öz həllini gözləyir.

“Beləliklə, hesab edirəm ki, iki ilyarım ərzində Bakıətrafı qəsəbələrdə bütün sosial və iqtisadi məsələlər həllini tapacaqdır. İndi biz birinci mərhələdə yolların çəkilişi ilə məşğuluq. Müvafiq göstərişlər verilib, vəsait ayrılıb və Şüvəlan qəsəbəsində də gözəl yollar çəkilir. Bununla bərabər bütün başqa məsələlər də öz həllini tapmalıdır”.

Prezident deyib ki, proqram mətbuatda dərc edilib və hər bir vətəndaş oxuya bilər sənəddə nə var.
“Hər bir qəsəbə üzrə konkret layihələr nəzərdə tutulubdur. Şüvəlan qəsəbəsində də həllini gözləyən bütün məsələlər həll olunacaqdır. Xüsusilə yollar, qazlaşdırma ilə bağlı məsələlər daha da böyük həcmdə həll olunmalıdır. Qaz təchizatında işlər daha da yaxşı görülməlidir. Su və kanalizasiya məsələləri həll edilməlidir. Bilirəm ki, insanları ən çox narahat edən məsələ budur. Beləliklə, bütün başqa sosial məsələlər də həll olunmalıdır. Uşaq bağçaları, məktəblər təmir olunmalıdır. Yəni elə etməliyik ki, iki ilyarım ərzində Bakının bütün ətraf qəsəbələrində sosial və infrastruktur məsələləri öz həllini tapsın. Bu günə qədər müəyyən işlər görülmüşdür. O cümlədən Şüvəlan qəsəbəsində abadlıq, quruculuq işləri aparılmışdır, yeni binalar, məktəblər tikilmişdir. Ancaq hesab edirəm ki, icrasını gözləyən məsələlər tezliklə öz həllini tapmalıdır. Sizdən də xahişim ondan ibarətdir ki, bütün bu işlərə nəzarət edəsiniz və çatışmayan məsələlər haqqında məlumat verəsiniz.
Keçən dəfə Mərdəkan qəsəbəsində olarkən vətəndaşlarla görüş zamanı məsələ qaldırıldı ki, beş il bundan əvvəl tikilmiş məktəb artıq yararsız vəziyyətə düşmüşdür. Mən özüm o məktəblə tanış oldum, gördüm ki, doğrudan da orada təmirə ehtiyac vardır. Görünür ki, vaxtilə o məktəbi tikənlər məsələyə çox laqeyd yanaşmışlar. Keyfiyyətsiz işlər görmüşlər və yaxşı ki, mənə məlumat verildi. Yoxsa məlumat verilməsə idi mən heç bilməyəcəkdim. Deyəcəkdim ki, məktəb beş il bundan əvvəl tikilibdir, yaxşı vəziyyətdədir. Yəni belə hallar da vardır. Ona görə görülən işlərə mütləq nəzarət olmalıdır. İctimai nəzarət və əhali tərəfindən nəzarət olmalıdır və çatışmayan məsələlər haqqında da vaxtında məlumat verilməlidir.
İndi yəqin ki, siz proqramda Şüvəlan qəsəbəsi ilə bağlı nəzərdə tutulmuş məsələlərlə tanışsınız. Əgər əlavə arzularınız, xahişləriniz varsa mənə deyin ki, biz onları da nəzərə alaq. Çünki proqramın hazırlanması işinə biz əlbəttə ki, bütün müvafiq dövlət qurumlarını cəlb etmişdik və maksimum çalışmışdıq ki, bütün məsələlər bu proqrama salınsın. Bəlkə elə məsələ vardır ki, orada yoxdur, amma həllini gözləyir. Siz mənə deyin, onları da həll edək. Mənim istəyim ondan ibarətdir ki, Bakıətrafı qəsəbələrin hamısında bütün məsələlər, həllini gözləyən vəzifələr tezliklə və yüksək keyfiyyətlə icra edilsin”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular