“VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyası öz seçim turlarını davam etdirir. İşğal altında olan Xocalı rayonundan olan gənclər də bu kampaniyaya qoşuldular. Xocalıdan olan məcburi köçkünlər üçün Goranboy rayonunda salınmış Ağcakənd qəsəbəsində baş tutan seçim turunun açılış mərasimində Milli Şuranın Layihələr departamentinin rəhbəri Natiq Nəsirov və Milli Şuranın mətbuat katibi Orxan Əli iştirak ediblər. Açılış mərasimində çıxış edən Natiq Nəsirov və Orxan Əli gənclərin vətənpərvərlik ruhunda yaşamağa və ölkəmizin ərazi bütövlüyünü hər zaman müdafiə etməyə hazır olmalarını söyləyib.
Tədbirdə Xocalı rayon təhsil, gənclər və idman idarələrinin əməkdaşları da iştirak ediblər. Xocalıda doğulmasalar da, Xocalını hər zaman xatirələrində canlandıran və ürəkləri o yerlərə qayıtmaq eşqi ilə döyünən gənclər kampaniyada iştirak ediblər. Onlar arasından da iki nəfər respublika turuna vəsiqə qazanıb.