Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2011-ci il büdcəsi haqqında» qanuna dəyişikliklər layihəsi müzakirə olunub. Sosial siyasət komitənin sədri Hadı Rəcəbli bildirib ki, layihəyə əsasən, DSMF-in 2011-ci il büdcəsinə 195 milyon manat həcmində vəsait əlavə olunacaq.
Dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Bununla da 845 min adamın pensiyasının məbləği 1iyuldan etibarən təxminən 40 faiz artacaq. Bu artımdan sonra fondun büdcəsi 2 milyard 165 milyon 540 min manata çatdırılacaq. Bu isə ilkin müəyyən edilmiş məbləğlə müqayisədə 9,9 faiz çoxdur.
Qeyd edək ki, bu yaxınlarda «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik olunub. Bu dəyişikliklə 2006-cı il 1 yanvar tarixinədək və 2010-cu il 1 yanvaradək pensiyaya çıxanların pensiyalarının yeni qaydalarla hesablanmasına başlanacaq.
İclasda “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna dəyişikliklər edilməsi də müzakirə olunub. Adı çəkilən qanunun 12-ci maddəsinin 2-ci hissəsinə “Qaçqın vəsiqəsinin və yol sənədinin verilməsinə görə, “Dövlət rüsumu haqqında” qanunla müəyyənləşmiş məbləğdə dövlət rüsumu tutulur” cümləsi əlavə ediləcək.
Mövcud qanunda həmin rüsum 5 manat müəyyənləşib. Qeyd olunub ki, bu dəyişiklik gələcəkdə 3-cü ölkədən olan və Azərbaycanda qaçqın statusu alan şəxslərə şamil ediləcək. Müzakirələrdən sonra millət vəkilləri qanun layihələrinin parlamentin plenar iclasında baxılmasını məqsədəuyğun hesab ediblər.
Modern.az