Modern.az

Bakı bağları və turizm

Bakı bağları və turizm

26 Avqust 2017, 20:55

Başımız daşa dəyəndən sonra ayıldıq ki, bu neftə o qədər bel bağlamaq olmazmış. Çox bivəfa və etibarsız sərvət imiş. Dünya bazarında qiyməti düşən kimi Azərbaycanda aləm dəyir bir-birinə. Ərzaq bahalaşır, kommunal xərclər artır, insanlar depressiyaya düşür və s. Əslində bütün bunlar gözlənilən idi. Ölkə iqtisadiyyatının böyük hissəsi məhz “qara qızıl”dan asılı olduğundan baş verir bu xoşagəlməz hadisələr. Əlimizdə olsaydı neftin qiymətini qaldırar və bəy balası kimi yaşayardıq. Təəssüf ki, bu, bizim əlimizdə deyil.

Torpağın altından çıxan sərvətin qiyməti də bizdən asılı olmayan səbəblərdən qalxır, enir. Amma bütün bunları faciə etmək də düzgün deyil. Dünyada nefti olmayan onlarla ölkə var ki, bizdən də yaxşı yaşayırlar. Bizə nə qədər qəribə görünsə də, bu, belədi. Səbəbi də çox sadədir. Onlar iqtisadiyyatın bir sıra sahələrini eyni vaxtda və eyni dərəcədə inkişaf etdirməyi bacarıblar. Biz neftin xəyanətini görəndən sonra bu barədə düşünməyə başaldıq. Qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas xəttini təşkil etməyə başladı. Bəs Azərbaycanda hansı sahələrin inkişaf etdirilməsi daha əlverişli və məqsədəuyğundur?

Təbii ki, bu sualı eşidərkən ağla ilk olaraq turizm sahəsi gəlir. Bu yazını yazmaqda məqsədimiz heç də neftin qiymətinin düşməsini araşdırmaq, iqtisadi böhranın səbəblərini tapmaq və ya turizmi necə inkişaf etdirməyin yolları haqqında təkliflər verməkdən ibarət deyil. Bütün bunlarla mütəxəssislər məşğul olur. Bu yazını yazmaqda başlıca məqsəd diqqəti turizmə böyük töhfə verəcək Bakı bağlarına yönətlməkdir. Təmiz havası, şəfalı qumu, ruha dinclik verəcək sakit təbiəti yəqin ki, əcnəbilərin də xoşuna gələrdi. Gələrdi, indiki vəziyyət olmasaydı.


Çimərliklərin bəzi insanlar tərəfindən “zəbt olunması” tez-tez gündəmə gəlir. Hətta bir dəfə Milli Məclisdə də bu məsələ qabardıldı, müzakirə olundu. Lakin heç bir fayda vermədi. Yenə də köhnə hamam, köhnə tas. Əksinə bu ilki mövsümdə vəziyyət daha da pisləşdi. Ərzağın, benzinin qiymətinin qalxmasını əsas gətirən “obyekt sahibləri” çimərliklərdə boş yerlərin də qiymətini qaldırdılar. Bu gün turizmdən söhbət düşərkən heç kim Abşerondakı çimərliklərdən danışmır, sual veriləndə isə gah nala vurur, gah da mıxa. Bəs bağlar necə? Axı Novxanı, Bilgəh, Görədil, Pirşağı, Kürdəxanı və s. kəndlərin bağları turistləri “tarqovu”dan daha çox cəlb etməzmi? Yəqin ki, Dubaydan, Ər-Riyaddan, Qahirədən gələn şəhərli turistlər təbiət qoynunda istirahət etməyi daha üstün tutar. Doğrudur, təbiətin gözəlliklərindən feyz almaq üçün bölgələrimizdə kifayət qədər münasib şərait yaradılıb. Lakin nəzərə almaq lazımdır ki, İsmayıllının dağları ilə Lənkəran meşələrinin havası eyni olmadığı kimi Bakı bağlarının da havası fərqlidir. Hər birinin öz gözəlliyi, öz üstünlüyü var. Niyə biz Allahın Azərbaycana bəxş etdiyi təbiət möcüzələrindən istifadə etməyək?


Yəqin ki, çoxları Bakı bağlarının turizmin inkişafına təkan verə biləcəyi fikirləri ilə razılaşar. Belə olduğu halda sual yaranır. Bəs niyə əcnəbilərin diqqətini cəlb etmək üçün Abşeron bağlarında münasib şərait yaradılmır? Bəziləri düşünə bilər ki, şərait var da. Kim istəyir gedib dincəlsin. Amma elə deyil. Bağlarda tikilən villalar, imarətlər bir növ oraları da çimərliklər kimi “qapalı” zonaya çevirib. Vaxtı ilə bakılılar yalnız yay aylarında bağlara köçər, şəhərin səs-küyündən uzaqlaşıb dincələrdilər. 25-30 il bundan qabaqkı bağlarla indikilər arasında yerlə göy qədər fərq var. İndi 5 bağdan 4-ü villadır, malikanədir. Köhnə bir bağ evi Kremli xatırladan qonşu tikililərin yanında çox yöndəmsiz görünür. Bu həm də Azərbaycanda olan sosial təbəqələşmənin bariz nümunəsidir. Yəqin ki, belə mənzərə ilə qarşılaşan xarici qonaqda bizim haqqımızda müsbət rəy formalaşmaz.



Bəs Abşeron bağlarında həqiqətənmi başı az qala buludlara dəyən villaların tikintisinə ehtiyac var? Axı bir neçə il bundan qabaq bağlarda bu cür evlərə demək olar ki, rast gəlinmirdi. Məgər əvvəllər imkanlı adamlar yox idi, yoxsa bağ evini təmir etməyə gücləri çatmırdı? Xeyir, imkanlılar da var idi, təmir etmək də olardı. Sadəcə buna ehtiyac duyulmurdu. Bakılılar bağı təbiətdən təcrid etmirdilər. Hətta çəpərlər də üzüm ağaclarından (meynələrdən) hörülürdü. İndisə vəziyyət xeyli dəyişib. 2 bəzən də 3 mərtəbəli evlər, Quantanama həbsxanasını xatırladan hündür hasarlar, həyətdəki möcüzəvi qumun üstünü örtən daş piltələr (bəzi yerlərdə asfalt), otaqlarda kondisionerlər və s. Bütün bunlar bağ evlərini adicə həyət evinə çevirib. Təsəvvür edin Novxanı kəndində yaşayan birinin həm kənddə evi, həm də bağlar massivində həyətyanı sahəsi olurdu. Əgər həyət evi ilə bağ evinin fərqi olmasaydı bu kəndli niyə bağdan bağ kimi, evdən də ev kimi istifadə edirdi? Çünki Abşeronda doğulan, onun təbiətinə hərtərəfli bələd olan insan bu fərqi çox gözə başa düşür.


Bu gün hər sahədə inkişaf hiss olunur. İnsan da inkişaf etməlidir. Pulun, var-dövlətin çoxluğu inkişaf deyil. İnkişaf əqli cəhətdən olmalıdır. Məhz bu cür inkişaf etmiş insanlar təbiəti anlayır, onun gözəlliklərini dərk edirlər. İnsan təbiətdən asılıdır. Təbiəti özümüzdən asılı vəziyyətə salmağa ehtiyac yoxdur. Yoxsa, ana təbiət də bizdən neft kimi üz döndərər. Bəs o zaman nə edərik?


Bu ilki yay mövsümü başa çatır. Ümid edək ki, yaxın illərdə Bakı bağlarının da bəxti açılacaq, hündür hasarların əsirinə çevrilmiş üzüm tənəkləri, əncir, ərik, gilas ağacları gün işığına çıxıb gün görəcək.

 

ORXAN İSAYEV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər