Modern.az saytının məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun Ukraynada və Fransada keçiriləcək tədbirlərində iştirak etmək üçün mayın 27-dən iyunun 1-dək səfərdə olacaq.
AŞPA Daimi komitəsinin Kiyevdəki iclasında İranın nüvə proqramına, Qazaxıstandakı prezident seçkilərinə, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının idarəçilik və iqtisadi inkişafa təsirinə dair məsələlərə baxılacaq.
Qurumun Monitorinq və Siyasi işlər komitələrinin Paris toplantılarında isə Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, Albaniyada son bələdiyyə seçkiləri, Tunisdə və Belarusda vəziyyət, AŞ ilə demokratiyaya meylli olan ərəb ölkələri arasında əməkdaşlıq, Mərakeşə demokratiya üzrə tərəfdaşlıq statusunun verilməsi barədə məsələlər müzakirə olunacaq.
Modern.az