Gəncədə yeni orta tutumlu avtobusların sayı 46-ya çatıb. Bu barədə məlumatı Gəncə 1 saylı Nəqliyyat Departamentinin sədri Şəmistan Nağıyev verib. Onun sözlərinə görə, Gəncənin mərkəzində hərəkət edən avtobusların hamısı yeniləri ilə əvəz edilib. Müsahibin sözlərinə görə, ilin əvvəlində şəhərə “Azəravtonəqliyyat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25 ədəd “İsuzu” markalı avtobus gətirilib. Bu avtobuslar şəhərin mərkəzi ilə hərəkət edən 4 və 7 saylı avtobusların xəttinə buraxılıb. Ş.Nağıyev bir necə gün öncə şəhərə daha 21 avtobusun gətirildiyini və orta tutumlu avtobusların sayının 46 çatdırıldığını bildirib.
Ümumilikdə 22 yerlik olan yeni avtobuslar 43 sərnişin tutumuna malikdir. Hazırda yeni avtobuslar 4, 7 və 11 saylı xətlər üzrə işləyir. Verilən məlumata görə, yaxın gələcəkdə şəhərin bütün nəqliyyat sistemi yeniləşdirilərək təzə orta tutumlu avtobuslarla əvəzlənəcək. Departament sədri qeyd etdi ki, əvvəl 4 və 7 saylı xətt üzrə işləyən köhnə PAZ avtobuslar şəhərin 2 saylı marşurut xəttində işləyir.
Xaliq Qurbanov
Gəncə