Modern.az

Jirinovskinin Türkiyə “sevgisinin” səbəbi

Jirinovskinin Türkiyə “sevgisinin” səbəbi

26 May 2011, 16:29

Avrasiya Dialoq Vəqfinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MQİMO) təşkil etdiyi «Rusiya və Türkiyə 21-ci əsrdə birlikdə» konfransında iştirak edən Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski konfransdan sonra media mənsublarının suallarını cavablandırıb. O bir sıra məsələlərlə yanaşı, dillə bağlı da danışıb. «Hər türk rusca öyrənsin. Biz ruslar türkçə bilirik. Dil öyrənmək üçün sırada siz varsınız» çağırışı edib.

Əslində, Jirinovski doğru deyir. Bu gün rusların, o cümlədən də, rus qızlarının az qala yarıdan çoxu Türkiyə türkcəsində danışa bilir. Bəzən dostlarımla danışanda mənə deyirlər ki, axı necə olur 70 il sovetlər birliyində olduq, nəinki Rusiyada, Bakının mərkəzində yaşayan, həyat yoldaşı azərbaycanlı olan bir rus xanımı belə Azərbaycan türkcəsində danışmadı. Amma bu gün hardasa rusların yarıdan çoxu Türkiyə türkcəsində danışa bilir?

Bu sual məni də hər zaman düşündürüb. Hətta bunu Türkiyədən olan erkəklərə rus qadınlarının xüsusi marağı olmasıyla izah edənlər də tapılıb. Lakin bu, heç də inandırıcı deyil. Çünki 70 il boyunca Türkiyə türkü olan kişilərə olan ilgidən daha artığı bizim ərkəklərə göstərilib. Bəlli bir siyasətin nəticəsi olaraq Azərbaycanın ən öndə olan oğlanlarının həyat yoldaşları rus qızları olub. Odur ki, yuxarda söylənilən arqumentin bu dillə heç bir bağlılığı yoxdur.

Fikrimcə, burada başqa bir amil rol oynayır. Bu da regionda super güc olmaq amilidir. Dünya, o cümlədən ruslar istəsə də, istəməsə də Türkiyə Şərqin, bölgənin, hətta Avropanın, Amerikanın super güc olaraq gördüyü dövlətdir (müsəlman ölkələrində başladılan “inqilablar” adı altında müsəlman dövlətlərini zəiflətmək planı bu gücün irəlidə daha da güclənməsini reallaşmaması üçündür-N.A ).

Sovet Sosialist Respublikaları İttifaqı dönəmində ruslar bu bölgənin super gücü olduğundan ortaq dil rus dili idi. Hətta Avropa, Amerika belə bölgəyə göndərdiyi mütəxəssislərinin rus dilində bilməsinin vacibliyini nəzərə alırdı. İndi isə tam əksinə olub. Artıq Türkiyə bölgədə önəmli yerin sahibi olduğundan ortaq dil Türkiyə türkcəsidir. Bunu ruslar da yaxşı bilir. Türkiyəyə yaxından bələd olan, türk düşmənliyini heç bir zaman gizlətməyən Jirinovsikinin bu açıqlaması da bunun bir təzahürüdür. Bizim heç bir zaman ciddiyə almadığımız, əslində isə kifayət qədər ağıllı siyasətçi olan bu adam ortaq dil təhlükəsini yaxşı bilir. Onu da yaxşı bilir ki, dilin formalaşması hansısa bir amerikanın, ingilisin, yəhudinin, rusun, türkün istəyiylə olmur. Bu, iqtisadi, elmi, siyasi, mədəni, sosial və digər amillərə bağlıdır. Və dövlətlər gücləndikcə, dünyada önəmli rol oynadıqca zəiflər onların təsiri altına düşürlər. Türkiyə türkcəsini rusların, ukraynların, moldovanların, belarusların, ermənilərin, gürcülərin və başqalarının öyrənməsi də bu amilllə bağlıdır. Çünki bu gün Rusiyada, Ukraynada, Belarusda, Moldovada, Ermənistanda, Gürcüstanda ingilis dili deyil, Türkiyə türkcəsində danışa bilənlər daha çoxdur. Rusiyadan başqa, digər ölkələrdə yeni yetişən nəsil isə rus dilini bilmir.

Jirinovski türkiyəli qəzetçilərlə söhbətləşdiyi zaman jurnalistlərin ona sıcaq reaksiyalar verməsi də diqqətimi çəkdi. Əminəm ki, bu, türklərə nifrət edən, zaman-zaman öz çıxışlarında bunu açıq şəkildə ortaya qoyan Jirinovskinin də diqqətindən yayınmayıb. Heç kimə sirr deyil ki, türk xalqı onun dilinə, bayrağına və digər atributlarına sayğıyla yanaşan hər kəsi yüksək şəkildə ağırlaya bilir. Bunu Jirinovski də yaxşı bilir. Odur ki, Türkiyədən olan qəzetçilərlə onların öz dilində danışıb, türk xalqı haqqında siyasi maraqlar naminə bəzi xoş sözlər dedi.

Dedi deməsinə də, amma necə dedi, bu çox önəmlidir. Məsələn, «nə mutlu türküm» deyiminin qarşısına, «nə mutlu rus və türküm» dedi. Bunun özündə böyük bir siyasi anlam var. Başqa bir yazının mövzusu olduğundan, üzərindən indilik sükutla keçirəm. Sadəcə bir şeyi demək yerinə düşər. Bir zamanlar Türkiyədə çalışdığı dövrdə, göstərdiyi “sevgiyə” görə, bu ölkədən çıxarılmış, bundan başqa dəfələrlə Dumada (Rusiya parlamentində) qondarma “erməni soyqırımı” məsəsləsini gündəmə gətirib, türk xalqlarıyla bağlı təhqiramiz ifadələr işlədən bu adamın “canıyanalığının” səbəbini anlamamaq cahillik olardı. Odur ki, türk mediası bu adamı sevərək reklam etməkdənsə, məqsədinin arxasında duranları araşdırmalıdır.

Zatən, dünyada başımıza gətirilən hər bir oyunun arxasında, bizə uşaq kimi sanki bir “şokolad” verib (bu “şokolad” qadın da ola bilər), üzümüzə gülərək aldatmaları dayanmadımı?

Aman diqqət, unutmayaq. Bunlar hər zaman Sun Tuzun dediyi kimi, «planlama gizli, saldırı sürətli olmalıdır» prinsipiylə yaşayırlar. Bu planın içində «sevgi» də var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər