“Gündəlik Azərbaycan" və “Realnıy Azerbaydjan” qəzetlərinin uzun müddətdir həbsdə olan təsisçisi və baş redaktoru Eynulla Fətullayev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla əfv siyahısına salınıb. Modern.az-ın məlumatına görə, 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qərarı ilə E. Fətullayev 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Hakim Fətullayevi CM-in üç maddəsi ilə təqsirli bilib: 214.1 (terrorla hədələmə), 213.2.2 (vergidən yayınma), 283.2.2 (milli ədavətin qızışdırılması). Eyni zamanda məhkəmə vergidən yayınmaya görə 200 min manatdan çox cərimə ödəməyi, keçirilən ekspertizaya görə isə MTN-in xeyrinə 3 min manat ödəməyi redaktorun üzərinə qoyub. Həmçinin məhkəmə redaksiyaya məxsus 23 kompüterin müsadirə olunması barədə qərar çıxarıb.
2010-cu ildə Avropa məhkəməsi Fətullayevin dərhal azadlığa buraxılması və ona 28 min avro həcmində kompensasiya ödənməsi barəsində iki dəfə qərar çıxarıb.
E.Fətullayev 1 saylı Cəzaçəkmə Müəssəsində cəza çəkirdi.
Modern.az