Bu gün Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin doğum günüdür. 1950-ci il mayın 27-də Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olan Milli Qəhrəman 61 yaşını qeyd edir.
Modern.az saytının əməkdaşı Milli Qəhrəmanla əlaqə saxlayaraq onun ad gününü necə qeyd edəcəyi ilə maraqlanıb.
Doğum günündə dostları və veteran yoldaşları ilə bir yerə yığışacağını bildirən Milli Qəhrəman yaxınlarının ona xoş münasibətinin ən dəyərli hədiyyə olduğunu deyib:
“Dostlarımız, veteranlarımız yığışırıq bir yerə dərdləşirik. Bizim yığışmağımız elə bir-birimizə ən böyük hədiyyədir. Bu gün həm mənim, həm də nəvəmin ad günüdür. Hər ikimizin ad gününü bir yerdə qeyd edirik. Daha doğrusu öz ad günümü nəvəmin ad gününün gözünə qatıb qeyd edirəm. Bu gün mənim üçün çox yaxşı gündür”.
Milli Qəhrəman qeyd edib ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın düşməndən geri alınması üçün artıq vaxt, məqam yetişib.
M.Abdullayev Qarabağda amansızcasına qətlə yetirilən azərbaycanlıların qanının qanla alınmasının vacibliyini vurğulayıb: “Mən həmişə olduğu kimi, bu gün də bir söz deyirəm ki, erməni bizim torpağımızın 20 faizini işğal edib. Təsəvvür edirəm ki, hər an Ali Baş Komandanın əmri ilə, xalqın dəstəyilə ermənini bizim torpağımızdan qovub çıxarmağa hazırıq. Bizim bundan başqa arzumuz yoxdur. Hər dəfə biz yığışanda bu məsələni müzakirə edirik. Erməni bizim torpağımızda qala bilməz. Məncə, vaxt, məqam artıq yaxınlaşıb. Qarabağın qanı qanla yuyulmalıdır. Bu heç nə ilə yuyula bilməz. Bunun da vaxtı artıq yetişib. Elə dostlarla yığışıb bu gün də bu məsələni müzakirə edəcəyik. Demək istəyirəm ki, harda oluramsa olum, mənim mövzum budur”-deyə Milli Qəhrəman əlavə edib.
Qeyd edək ki, Milli Qəhrəman Maşallah Abdullayev 1991-ci ildə yerli özünümüdafiə batalyonu yaradıb, Zeyvə, Todan və digər kəndlərin müdafiəsində fədakarlıqla vuruşub.
O, həmçinin Ağcakəndin azad edilməsində də xüsusi qəhrəmanlıq göstərib.
Milli Qəhrəman 1992-ci ildə briqada komandirinin müavini kimi Tərtər, Goranboy, Ağdərə ərazilərində düşmənə qarşı qəhərmanlıqla vuruşub. Bu gün də rayonun ictimai həyatında fəal iştirak edir.
Anar RÜSTƏMOV