Modern.az

Dağların qoynunda vətənpərvərlik təbliğatı

Dağların qoynunda vətənpərvərlik təbliğatı

27 May 2011, 11:45

Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən "Vətəni tanı" kampaniyasında 12 min gəncin iştirakı planlaşdırılır


Daşkəsən rayonu ilə qədim Kəlbəcəri sırayla yan-yana düzülmüş uca dağlar ayırır. Baharın elçisi olan ürkək qaranquşlar çoxdan bu yerlərə qonaq gəlsə də, dağların başındakı qar hələ əriməyib. Kəlbəcərdən əsən meh insanın ruhunu təzələyir...

Daşkəsən şəhərindəki İ.Nəsimi adına 1 saylı orta məktəbin həyətində qələbəlikdir. Şagirdlər Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən "Vətəni tanı" kampaniyasında iştirak etməyə tam hazırdırlar. Rayonda fəaliyyət göstərən 47 məktəbin əksəriyyəti yuxarı sinif şagirdləri arasında keçiriləcək intellektual yarışmaya qatılmaq üçün öz nümayəndələrini göndərib. Hamı intizarla yarışmanın başlamasını gözləyir. Məktəblilərlə yanaşı, müəllimlər də həyəcan keçirirlər. Axı, onların yetirmələri bu gün təkcə təşkilatçılar deyil, həm də vətən qarşısında imtahan verəcəklər...

Daşkəsən rayon təhsil şöbəsinin müdiri Nazim Verdiyev açılış nitqində rəhbərlik etdiyi kollektivin fəaliyyəti barədə qısa məlumat verir. Şöbə müdiri bildirir ki, Daşkəsən rayonunda fəaliyyət göstərən məktəblərdə 3776 şagird təhsil alsa da, yarışmada xüsusi fəallığı ilə seçilən 150 nəfərin iştirakı nəzərdə tutulur.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi, "Vətəni tanı" layihəsinin koordinatoru Natiq Nəsirov isə kampaniyanın məqsəd və vəzifələrindən danışır. Koordinator deyir ki, kampaniyada 12 min gəncin iştirakı planlaşdırılır: "Gənclərimizin hərtərəfli inkişafını təmin etmək, onların Avropaya inteqrasiyasını sürətləndirmək, təhsil və işlə bağlı problemlərinin həllinə nail olmaq Gənclər Təşkilatları Milli Şurasının qarşısında dayanan əsas vəzifələrdəndir".

N.Nəsirov bildirir ki, layihənin əsas vəzifələrindən biri də Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, Azərbaycanın suverenliyinə qarşı etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünü sübut etmək və ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərini gənclərə tanıtmaqdır.

Sonra yarışmaya start verilir. 30 nəfərlik qrup əvvəlcədən hazırlanmış sinif otağında keçməcələrdən (puzzle) ibarət olan Azərbaycan xəritəsini yığmağa başlayır. Komputer otağında isə 10 nəfəlik qrup kamapaniyanın rəsmi saytı olan www.miras.az saytında elektron formatda yerləşdirilmiş xəritəni toplayır. Hər qrupa 10 dəqiqə vaxt verilir.

Keçməcələrdən ibarət olan Azərbaycan xəritəsini yığan qrupun fəaliyyətini müşahidə etmək üçün onların yarışdığı sinfə daxil oluram. Daşkəsən rayon təhsil şöbəsinin müdiri Nazim Verdiyev, layihənin koordinatoru Natiq Nəsirov, Milli Şuranın mətbuat katibi Orxan Əli və İ.Nəsimi adına 1 saylı orta məktəbin bir neçə müəllimi sinif otağında olsa da, heç kim yarışmanın gedişinə müdaxilə etmir. Asta addımlara birinci sırada əyləşmiş qıza yaxınlaşıram. Yarışmanın başlamasından cəmi iki-üç dəqiqə keçməsinə baxmayaraq, o, xəritədə 20-yə yaxın rayonun yerini tapa bilib. Mən, onun başının üstündə dayananda Şərur rayonuna aid keçməcəni əlinə götürür. Dərhal da Naxçıvan Muxtar Respublikasını tapıb, keçməcəni Şərur rayonuna məxsus olan boşluğa yerləşdirir. Sonra isə eyni qayda ilə xəritədə Goranboy və Laçın rayonlarına aid boşluqları doldurur. Bu qayda ilə iki dəqiqə ərzində 10-a yaxın rayonun yerini tapıb, keçməcələri səliqə ilə boşluqlara yerləşdirir. Hətta ən kiçik puzzleni götürəndə belə onu geri qaytarmır. Axı, vətən müqəddəsdir. Onun hər qarışına sahib çıxmaq isə bizim borcumuzdur...

Ayağımın ucunda başqa şagirdə yaxınlaşıram. Xarici görünüşünə görə, həmyaşıdlarından seçilən ucaboy oğlan artıq xəritənin yarısından çoxunu yığıb. Sinif yoldaşları kimi o da xəritədə rayonların yerini tapmağa çətinlik çəkmir. Dağlar qoynunda böyüyən bu yeniyetmənin ərazisinə görə ölkənin ən kiçik rayonlarına aid keçməcələri belə iki-üç saniyə ərizində müvafiq boşluqlara yerləşdirməsi məni əməlli-başlı sevindirir. Ona görə sevinirəm ki, Azərbaycanın hər qarış torpağını öz doğma kəndi, rayonu bilən bir nəsil yetişir.

Ehtiyatla ikinci sıraya keçirəm. Sonuncu partada əyləşmiş qızın həyəcanlı olduğu gözümdən yayınmır. Ona yaxınlaşıram. Partanın üzərində keçməcə qalmayıb. Amma xəritədə boşluq var. Xəritəyə tərəf əyilirəm. Şuşa şəhərinə aid keçməcə yoxdur. Qız yan-yörəsinə baxır. Amma heç nə tapa bilmir. Onun sifətinə kədər çökür. Bir andaca gözləri dolur. Mənə elə gəlir ki, Şuşa yenidən işğal olunur. Ancaq qız özünü itirmir. Axtarışı davam etdirir. Birdən gözü dirsəyi ilə döşəmənin üzərinə saldığı keçməcəyə sataşır. Dərhal onu götürüb, Azərbaycanın xəritəsini tamamlayır. İndi onun gözləri gülür. Sifətində bayaqkı kədərdən əsər-əlamət qalmır. Mənə elə gəlir ki, Şuşa işğaldan azad olunur...

Sinifdəki şagirdlərin böyük əksəriyyəti keçməcələrdən ibarət Azərbaycan xəritəsini vaxtından 2-3 dəqiqə tez yığır. Onların bu uğuru təşkilatçıları da, müəllimləri də sevindirir. Bir qədər sonra isə öyrənirik ki, komputer otağındakı şagirdlər də yüksək nəticə göstəriblər. Bu minvalla təxminən 1 saat ərzində 150 şagird yarışmada iştirak edir. Nəticə hamını qane edir. Ən çox sevinən isə müsabiqədə iştirak edən şagirdlər olur. Onlar məktəbin həyətində Gənclər Təşkilatları Milli Şurasının nümayəndələrini dövrəyə alıb, bu qurumun fəaliyyətilə bağlı müxtəlif suallar verir, öz arzu və istəklərini dilə gətirirlər. Tədbir başa çatsa da, dağların qoynunda vətənpərvərlik təbliğatı uzun müddət davam edir...

Seymur VERDİZADƏ,
Bakı-Daşkəsən-Bakı

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal