Quba rayonundan millət vəkili seçilmiş Vahid Əhmədov Qurban bayramı günlərində öz seçiciləri ilə birlikdə olub. Hər il olduğu kimi bu il də qurbanlıq kəsdirərək məscidlərə və ehtiyacı olanlara paylayıb.
Modern.az xəbər verir ki, Qubanın Rustov və ona bitişik kəndlərinə gedən yolların tikinti işləri ilə yerində tanış olaraq sakinlərin təklif və arzularını dinləyib. Quba şəhərində yerləşən ofisində qəbula gəlmiş seçiciləri ilə görüşən millət vəkili gördüyü işlər barədə onlara ətraflı məlumat verərək gələcək planları ilə bölüşüb. Görüşdən sonra qəbul üçün qeydiyyatdan keçmiş bütün sakinlər deputat tərəfindən təkbətək qəbul edilib.
Ümumilikdə qəbulda 67 nəfər iştirak edib. Müsbət hal kimi keçən qəbul zamanı əhalini narahat edən bir sıra məsələlərin deputatın müdaxiləsindən sonra rayon təşkilatları səviyyəsində öz müsbət həllini tapmasıdır. Bu dəfə də sakinlər tərəfindən məşğulluq, torpaq sahələrinin ayrılması, tibbi müalicəyə kömək, əlillik və sosial yardımların təyini, kənd yollarının abadlaşdırılması və s. bu kimi məsələlər qaldırılıb .
Qəbul prosesində perspektivdə həll olunacaq məsələlər barəsində izahatlar verilib, bir sıra məsələlərin həlli istiqamətində yerindəcə şikayətçinin iştirakı ilə araşdırma aparılaraq konkret qərarlar qəbul edilib.
Növbəti qəbul oktyabr ayına planlaşdırılıb.