Modern.az

Xəstələrin yeməyini kim yeyir? (ARAŞDIRMA)

Xəstələrin yeməyini kim yeyir? (ARAŞDIRMA)

27 May 2011, 18:30

Xəstəxanaların ərzaq təminatı ilə bağlı büdcə xərclərinin tenderdə kimlərin xərclədiyi qaranlıq qalır

“Azərbaycandakı bütün xəstəxanalarda xəstələrə gündə 3 dəfə pulsuz yemək verilir. Mal və toyuq əti, yumurta, makaron, əriştə, çuğundur, meyvə və meyvə şirələri… Hər il dövlət büdcəsindən bununla bağlı ayrıca vəsait də nəzərdə tutulur”.

Bu fikirlər səhiyyə naziri Oqtay Şirəliyev bir müddət əvvəl jurnalistlərə açıqlamasında söyləmişdi. Əslində səhiyyə nazirinin Azərbaycan xəstəxanalarında pasiyentlərə pulsuz yemək verilməsi barədə dedikləri təzə xəbər deyil. Neft pulları çoxaldıqca dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin də həcmi ildən-ilə artması fonunda hər il xəstəxanaların ərzaq təminatı üçün dövlət büdcəsində xeyli vəsait ayrılır. Bu vəsaitlər isə tender yolu ilə xəstəxanalar üçün zəruri ərzağın alınmasına yönəldilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə xəstəxanalarda müalicə olunanlar üçün qida normaları müəyyənləşdirilib. Həmin qərara əsasən, xəstəliklərin xüsusiyyətindən asılı olaraq, müalicə-profilaktika müəssisələri üçün ayrı-ayrı qida normaları var. Bu normalar müxtəlif xəstəliklər üzrə bir-birindlən fərqlənir:

Ərzağın adı

Ərzaqların miqdarı, qramla

 

Xəsəxanaların ümumi şöbələri üçün

Onkoloji xəstəxa-nalar üçün

Nevrolo-ji şöbələr üçün

Qastroe-nteroloji şöbələr üçün

Endokrinoloji şöbələr üçün

Çovdar çörəyi

150

150

150

100

200

Buğda çörəyi

200

200

200

250

150

Buğda unu

15

15

5

10

15

Makaron

20

20

20

30

-

Buğda yarması

15

15

20

15

30

Herkules, vələmir

15

20

20

15

20

Manna

15

15

10

20

5

Kartof

400

400

600

515

790

Çuğundur

55

65

100

115

70

Təzə və duzlu kələm

200

100

200

200

350

Baş soğan

20

20

20

15

30

Göy soğan

15

20

15

15

10

Kök

60

160

230

135

240

Duzlu xiyar və pomidor

10

-

-

-

50

Təzə meyvə

100

120

200

150

150

Qurudulmuş meyvə

30

30

30

10

40

Meyvə və tərəvəz şirələri

100

100

100

100

-

Mal əti

125

125

75

150

125

Quş əti

25

25

25

25

25

Kolbasa, sosiska

10

20

-

-

20

Balıq

100

100

100

100

100

Kəsmik

70

90

100

100

150

Pendir

15

15

-

15

20

Yumurta (ədəd)

1

1

1

1,75

1

Qatıq

100

200

200

100

200

Süd

300

200

200

300

300

Kərə və əridilmiş yağ

40

40

60

40

30

Bitki yağı

20

20

40

30

30

Qənd

60

60

60

60

15

Çay

2

2

2

2

2

Duz

6

6

6

6

6

Göründüyü kimi, bu normalara mal əti, toyuq əti, yumurta, makaron, çuğundur, meyvə, kənd, çay və digərləri daxil olmaqla ümumilikdə 31 adda ərzaq və qida məhsulları daxildir. Bu qida məhsullarının alınması üçün isə 2010-cu ildə Səhiyyə Nazirliyinə 16 milyon 46 min 900 manat xərclənməsi proqnozlaşdırılıb. Büdcənin “Səhiyyə bölməsi” bölməsində ərzaq məhsullarının alınması üçün nəzərdə tutulan vəsait yalnız Bakı şəhərindəki xəstəxanalara aiddir. Rayon xəstəxanalarının ərzaq xərci isə yerli büdcədən maliyyələşir. Mövcud qaydalara əsasən, xəstəxanalar bu vəsaitləri tender yolu ilə xəstələri pulsuz ərzaq və qida məhsullarının alınmasına yönəldir.

Bununla belə, Nazirlər Kabinetinin normativ sənədində sadalanan ərzaqların alınması üçün ayrılan vəsaitlərin düzgün xərclənib-xərclənməməsi, tenderlərin şəffaflığı xeyli şübhə doğurur. Elə Bakıdakı 4 saylı şəhər Xəstəxanasında eşitdiklərimizdə bu məsələdə xeyli ziddiyyətlərin olduğun deməyə əsas verir. Burada həmsöhbət olduğumuz xəstələrdən bir neçəsi gündə iki dəfə pulsuz yeməklə təmin olunduqlarını söyləsələr də, gündəlik qəbul etdikləri xörək növlərindən heç birinin adını çəkə bilmədilər.

Keyfiyyət problemi

Göyçay rayonundan olan Hüseyn Məmmədov isə deyir ki, burada xəstələrə hər gün eyni yeməklər təklif olunur. Üstəlik yeməklər keyfiyyətsiz bişirilir: “Onlara baxanda, elə bilirsən türmə yeməyidir. Dadı-tamı yoxdur, elə bil yeməyi yağda yox, suda qaynadıb verirlər”.

Xatırladaq ki, xəstələr üçün dövlət büdcəsinin vəsaitləri hesabına alınan bu qidalar xəstəliklərdən asılı olaraq, növünə görə dəyişə bilər. Məsələn, vərəm və ruhi xəstələr üçün nəzərdə tutulan qida və yeməklər zəngin kaloriyə malik olmalı, şəkərli diabet xəstələrinə ayrıca yemək hazırlanmalıdır. Amma Hüseyn dayı Nazirlər Kabinetinin müvafiq normativ qərarında xəstələr üçün təzə meyvə,  meyvə şirəsi, meyvə qurusu kimi qida məhsullarının olmasından xəbərsizdir: “Mən bunu birinci dəfədir eşidirəm. Nə rayon xəstəxanasında, nə də Bakıdakı xəstəxanaların heç birində xəstələrə meyvə verildiyini görməmişəm. Meyvəmiz evdən, ya da qohum-tanışlar gətirirlər. Hətta bəzən evdən gələn mer-meyvəni buradakı işçilərə veririk”.

Bununla belə, müsahibimiz bir məsələni də xüsusi vurğulayır. Onun sözlərinə görə, rayonlardakı xəstəxanalarda təklif olunan yeməklərə baxanda, yenə Bakıdakı səhiyyə ocaqlarına şükür etməli olursan: “Rayonda xəstələrə nəinki yemək, heç bir içim su da vermirlər. Xəstələr yeməyi evdən gətirir. Mən rayon xəstəxasında da yatmışam. Amma bir dəfə də xəstələrə yemək verildiyini görməmişəm. Elə burada da əsasən evdən gələn xörəkləri yeyirik”.

Səhiyyə Nazirliyində isə bu ittihamları əsassız sayırlar. Nazirlikdə bildirirlər ki, hazırda Bakı şəhərindəki bütün dövlət səhiyyə müəssisələri mərkəzləşdirilmiş qaydada qida ilə təmin olunur. Yəni nazirliyin balansında olan xəstəxanalarda müalicə alanlara gündə 3 dəfə pulsuz yemək verilir. Bu məqsədlə Bakı şəhərindəki bir çox xəstəxanada mərkəzləşdirilmiş qida bloku və mətbəxlərin fəaliyyət göstərir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, Bakıda ən iri mərkəzləşdirilmiş qida bloku 1 saylı Şəhər Kilinik Xəstəxanasında yerləşir. Buradakı mətbəxdən ərazi üzrə daha 5 səhiyyə müəssisəsinə yemək paylanır. Səfayə Əhmədova deyir ki, qida rasionu hər xəstəliyə görə həkim təyinatı ilə müəyyənləşdirilir. Yeməklər hər korpus üzrə xüsusi işçilər tərəfindən mərtəbələrdə fəaliyyət göstərən bufetlərdə, yaxud da xəstələrin vəziyyətinə və istəyinə görə birbaşa palatalara çatdırılır.

Ayrılan vəsait ərzağa çatmır?

Bununla belə, əksər xəstəxanalarda xəstələrin qida rasionu ilə bağlı problemin olduğunu elə 1 saylı Şəhər Kilinik Xəstəxanasının özündə də təsdiqləyirlər. Xəstəxanada özünü təqdim etmək istəməyən həkim bildirir ki, (o, işdən azad edilə biləcəyindən ehtiyatlanaraq özünü təqdim etməyib – red.) əslində, xəstələrə mal və ya toyuq əti, yumurta, makaron, meyvə, tərəvəzdən hazırlanan xörəklər verilməlidir. Amma indi heç bir xəstəxana ilin 365 günü xəstələri yeməklə təmin etmək gücündə deyil: “Çünki xəstəxanalara ayrılan ərzaq xərci bu tələbatı ödəmir. Tutaq ki, 620 çarpayılıq xəstəxanada hər xəstəyə gündə minimum 3 manat xərc çəkilirsə, bu, 1860 manat deməkdir. Bunu aya vuranda 55800 manat eləyir”.

Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərov isə bildirir ki, hazırda bir xəstə üçün ərzaq norması gündə təxminən 3 manatdan bir qədər aşağıdır. Onun sözlərinə görə, bir neçə il əvvəl isə bu göstərici 40-50 qəpik səviyyəsində olub: “Ayrılan vəsait indi də xəstələrin tələbata uyğun şəkildə qida ilə təminatını ödəmir. Amma bu bizdən asılı deyil. Doğrudur, əvvəlki illərə baxanda indi vəziyyət xeyli yaxşılaşıb. İndi aylıq ərzaq norması tam çatmasa da, 20-25 gün üçün tam ödənilir”.

Baş həkim deyir ki, indi bir xəstəni gündə üç dəfə yeməklə təmin etmək üçün ən azı 3 manat vəsait ayrılmalıdır. Onun sözlərinə görə, həm 2009, həm də 2010-cu ildə Salyan Rayon Mərkəzi Xəstəxanasının ərzaq təminatı üçün 138 min 310 manat ayrılıb. Bu vəsaitlərin hamısı tender vasitəsilə ərzaq və qida məhsullarının alınmasına xərclənib.

Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiq etdiyi normativ sənəddə xəstələr üçün 31 çeşiddə ərzaq və qida məhsullarının alınması nəzərdə tutulsa da, 2010-cu ildə Salyan Rayon Mərkəzi Xəstəxansında bu məhsulların yalnız 23-ü alınır. Səbəb kimi isə ayrılan vəsaitin nəzərdə tutulan bütün növ qidalar üçün yetərli olmaması göstərilir. Belə ki, ayrılan vəsaitə uyğun olaraq, burada hər xəstəyə gün ərzində 2 manat 66 qəpik dəyərində ərzaq verirlir. Məsələn, xəstəxanada xəstələr üçün il ərzində 50 kiloqram çay (hər kiloqramı 7 manata), 2400 kilqram kərə yağı (6 manat 50 qəpiyə), 2400 kiloqram düyü unu (50 qəpiyə), 20 min 50 kiloqram kələm (50 qəpiyə), 60 min ədəd yumurta (16 qəpiyə) alınır. Meyvələrdən isə yalnız alma (40 qəpik) verilir.

Bununla belə, mövsümdən asılı olaraq qiymətlərin dəyişməsi xəstəxana üçün problemlər yaradır. Xəstəxanın baş mühasibi Ağəli Abasov deyir ki, ilin əvvəlində tender keçirilərkən kökün qiyməti 60 qəpikdən hesablansa da, indi onun qiyməti 2 manat səvityyəsindədir. Onun sözlərinə görə, belə hallar xəstələrin ərzaq təminatında kəsir yaradır. Nəticədə xəstələrin qida normaları azaldılır: ““Satınalmalar haqqında” qanuna görə, mal və xidmətlərin qiyməti ilin əvvəlində necə müəyyən olunubsa, tendkri udan şirkət ilin sonunadək təchizatı eyni şəkildə çatdırmalıdır. Amma indi qiymət yüksək olduğundan bəzi çətinliklər yaranır”.

Şübhəli qalib

Bu vəsaitlərlə ərzaq məhsullarının alınması üzrə keçirilən tenderlər, onların təşkili prinsipləri barədə isə fərqli yanaşmalar var. Hətta bir çox hallarda bu tenderlərdə qaliblərin hüquqi-normativ qaydalarla deyil, şəxsi maraqlar və prinsiplər əsasında müəyyənləşdiyi iddia edilir. Elə Mil-Muğan bölgəsində kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan firmalardan birinin - “Mürsəl-fermer” MMC-nin rəhbəri Şahin Əliyev də bu fikirdədir. Onun sözlərinə görə, bu regiondakı xəstəxanaların ərzaq təminatı sahəsində monomolyalar var və hər şirkət belə tenderlərə buraxılmır. Halbuki, onların istehsal etdiyi məhsulların sertifikatı, sanitar arayışları var. Əvəzində xəstəxanalar lazım olan ərzağı ya özlərinə yaxın şirkətlərdən, ya da fərdi müqavilələr əsasında birbaşa məhsul istehsalçılarının, hətta fiziki şəxslərdən alır.

“Biz iki dəfə Salyan Rayon Mərkəzi Xəstəxanasının ərzaq təminatı üçün keçirilən tenderdə mən də iştirak etmək istədik. Lazımi sənədləri toplayıb tender komissiyasına təqdim etdim, qəbul elədilər. Amma sona yaxın məni tenderə buraxmadılar ” – deyə, Şahin Əliyev bildirir.

Müsahibimiz deyir ki, tenderə buraxılmamasını aydınlaşdırmaq istəyərkən maraqlı, həm də inanılmaz bir məlumat eşidib. Belə ki, tenderə qatılmaq istəyən başqa bir şirkətin nümayəndələri ona deyiblər ki, ümumiyyətlə, teder keçirilməyib, sadəcə bir firma ilə müqavilə bağlanıb və bunun əsasında həmin firma xəstəxanaya lazım olan ərzaq məhsullarını torpdansıtış məntəqələrindən alıb gətirir: “Xəstəxanalar ərzaq satışı ilə məşğul olan şirkətlər və firmalar, topdansatış məntəqələri ilə müqailə bağlayır, onlara pul köçürürlər və lazım olan ərzağı alırlar”.  

Şahin Əliyev həmin tenderin rəsmi nəticələri açıqlanmamış “qalib” elan edilən şirkətin adını da açıqlayıb. Onun sözlərinə görə, 3 ildir ki, Salyan Rayon Mərkəzi Xəstəxanısının ərzaq təminatına dair keçirilən tenderləri elə bu rayonda fəaliyyət göstərən  “Muğan nemətləri” şirkəti və “Camal” MMC udur. Digər şirkətlər isə ya həmin tenderə buraxılmır, ya da müxtəlif bəhanələrlə uduzdurulur: “Halbuki tenderdə uduzan şirkətlərin təklif etdikləri qiymətlər bir qədər aşağı olub. Hətta biz özümüz tez xarab ola bilən tərəvəz məhsulları üzrə əlavə güzəştlər təklif etmişdik. Amma yekunda bizi deyil, daha yüksək qiymət təklif edən “Camal” firmasını qalib seçdilər”.

Maraqlıdır ki, “Camal” MMC-nin tenderdə qalib seçildiyini Salyan Rayon Mərkəzi Xəstəxanasının Ağaəli Abasov da təsdiqləyir. Onun sözlərinə görə, “Muğan nemətləri” şirkəti, “Halal aqroservis” MMC və “Camal” MMC son iki ilin tenderlərində iştirak edib. Onlardan “Halal aqorservis” ötən il, “Camal” MMC isə bu il qalib seçilib: “Bu şirkətlərin özləri bazarın səhmdarlarıdır, onların anbarları, mağazaları var. Biz həftəlik qənd, çay, kərə yağı, düyü, düyü unu, yumurta və digər qida məhsullarını gedib oradan götürürük. Kənd təsərrüfatı məhsulları isə həmin şirkətlərin bazardakı ayrıca guşəsindən alınır. Bu məhsullara ət, süd, kartof, kələm, baş soğan, yumurta, kök, çuğundur və digərləri aiddir”.

Yeri gəlmişkən, məsələni araşdırarkən maraqlı bir məqam da üzə çıxıb. Məlum olub ki, Salyan Rayon Xəstəxanısının keçirdiyi tenderin qaliblərindən biri - “Halal aqroservis” bəzi ərzaq məhsullarını özünə yaxın şəxslərin təsərrüfatından götürərək xəstəxanaya çatdırır. Belə ki,  xəstəxanın anbardarı hər gün səhər tezdən “Halal aqroservis”in rəhbərinin bacısının heyvandarlıq təsərrüfatına gedərək oradan süd gətirir. Halbuki məhsulların alqı-satqında üçüncü tərəfin iştirakı nəzərdə tutulmayıb.

Bununla belə, xəstəxananın baş həkimi İbrahim Cəfərovun fikrincə, bu fakt tender prosesinin qeyri-şəffaf, kimlərinsə maraqlarının təmin olunmasının göstəricisi deyil. Onun sözlərinə görə, həm “Halal aqroservis”, həm də “Camal” MMC ərzaq məhsulları sahəsində geniş imkana və təcrübəyə malikdir: “Bu şirkətlərdə bizim xəsəxananın ərzaq ehtiyatını təmin etmək üçün hər cür imkan var, mən özüm xəstəxanamızın ərzaq təchirzatında heç bir problemlə rastlaşmamışam. Görünür tender komissiyası bunu hərtərəfli araşdırdiqdan sonra həmin şirkətləri qalib seçib”.

Baş həkim deyir ki, əvvəllər hansısa təşkilat tapşırma və başqa yollarla sənədlərini təqdim edib tenderi uda bilərdi. Ancaq indi tenderlər komissiyalarında peşəkar, işini bilən mütəxəssislər təmsil olunur və onlar prosesə ciddi nəzarət edir: “Nə edək ki, komissiya “Muğan nemət” firmasının təkliflərini daha məqsədəuyğun sayıb və faktiki olaraq, 3 ildir bu şirkət tenderin qalibi olur. Xəstəxana rəhbərliyi bu işə müdaxilə etmir, tender komissiyası nə qərar verirsə, o da icra olunur”.

Ərzaq tenderi prosesi “hərbi sirr ” kimi qorunur

Xatırladaq ki, 2007-2008-ci illər üçün Dünya Bankının Orta Asiya və Qafqaz regionunda korrupsiyanın vəziyyətinə dair hesabatında da Azərbaycan üçün xarakterik olan korrupsiya elementləri sırasında məhv dövlət satınalmalarının ilk yerlərdə olduğunu göstərilir. Bu elementlər sırasında dövlət satınalmalarında baş verən saxtakarlıq, gizli sövdələşmələr, şişirdilmiş qiymətlər ilk pillələrdə yer alırdı.

Qeyri-hökumət təşkilatlarının apardığı monitorinqlərə görə, bununla bağlı keçirilən müsabiqələrin 98 faizi qeyri-şəffaf olur. Tenderlər rəsmi şəkildə elan olunmasına baxmayaraq, təşkilatçılar onun şəffaf keçirilməsində maraqlı deyillər. Xəstəxanalar da bu sırada istisna deyil. Hətta xəstəxanaların ərzaq təminatına dair tenderdə iştirak edən şirkətlərin adları belə “sirr ” olaraq qalır. Halbuki, səhiyyə sahəsində dövlət satınlamaların payı ilk onluqdadadır. Burada dövlət büdcəsi hesabına ərzağın alınmasına milyonlarla manat vəsait yönəldilir. Təkcə 2007-ci ildə xəstəxanaların ərzaq təminatına 6 milyon manat vəsait ayrılıb. Bu vəsaitlər yerli büdcədə rayon səhiyyə şöbələri arasında bölüşdürülür. Səhiyyə şöbələri isə öz növbəsində çarpayıların sayına uyğun olaraq, dövlət vəsaitlərini yerli xəstəxanalara çatdırılmasını təmin edir.

Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət İdarəsinin rəisi Viktor Qasımov deyir ki, xəstəxanaların ərzaq təminatı respublikada qanunvericiliyə uyğun proseduralar əsasında həyata keçirilir: “Yəni xəstəxanaların ərzaq təminatı tender yolu ilə seçilən şirkətlər tərəfindən öhdəliyə uyğun yerinə yetirilir. Həmçinin ərzaqların hamısının gigiyenik sertifikatı da olmalıdır, uyğunluq sertifikatı da”.

Bununla belə, Viktor Qasımov tenderdə iştirak edən şirkətlərin adlarını, həmin şirkətlərin hansı kriteriyalar əsasında seçildiyini söyləməyib. Yalnız onu qeyd edib ki, bu işi hər bir müəssisənin özündə yaradılan tender komissiyası görür: “Səhiyyə Nazirliyində isə tenderin necə aparıldığı və onun təşkili məsələləri ilə iqtisadiyyat şöbəsi məşğul olur”.

İqtisadiyyat şöbəsində isə bu işlə İnnovasiya və Təchizat Mərkəzinin məşğul olduğunu söylədilər. Ancaq mərkəzin direktoru Fərhad Abdullayev əməkdaşımızla söhbətində rəhbərlik etdiyi qurumun xəstəxanaların ərzaq təminatına, nə də bunun üçün keçirilən tenderlərin təşkilinə qarışmadıqlarını deyib: “Bizim mərkəz ümumiyyətlə, xəstəxanaların ərzaq təminatının təşkili məsələlərində iştirak etmir. Səhiyyə Nazirliyində sizə düzgün istiqamətlər verməyiblər. Biz ancaq texniki təchizatla məşğuluq”.

Sağlamlığa Çağırış İctimai Alyansının rəhbəri Aytəkin Əsgərova isə deyir ki, istər Bakıda, istərsə də rayonlarda xəstələrin yeməyi mərkəzləşdirilmiş qaydada başqa xəstəxanalardan gətirilir: “Ancaq bir məsələ var ki, xəstəxaların ərzaq təminatı hər yerdən alına bilməz, hər şirkətə bunu həvalə etmək səhvdir. Ona görə də bu məsələ tenderlər nəticəsində qalib gəlmiş şirkətin zəmanəti ilə həll olunmalıdır”.

Müsahibimiz xəstəxanaların ərzaq təminatının fiziki şəxs qismində ayrı-ayrı fermerlərə həvalə olunmasını da ciddi nöqsan sayır. Aytəkin Əsgərova ərzaq belə halların xəstələr üçün təhlükəli ola biləcəyini önə çəkir. Onun sözlərinə görə, süd məhsullarına pasterizasiya lazımdır: “Lakin analitik pasterizasiya heç tanınmış müəssisələrdə olmur, o ki, qaldı ayrı-ayrı fermerlərdə. Ayrı-ayrı fermer təsərrüfatlarının ev şəraitində hazırladığı qida məhsulları, o cümlədən süd və süd məhsulları pasterizasiya olunmur. Halbuki, süd və süd məhsulları xəstələr üçün qida rasionunda vacib hesab olunur. Pasterizasiya olunmamış məhsullar isə  təkcə xəstələr yox, bütün istehlakçılar üçün təhlükəlidir. Ona görə də xəstəxalanaların ərzaq təchizatı üçün keçirilən tenderlərdə bu məqamlara xüsusi fikir verilməlidir”.

Aytəkin Əsgərov xəstəxanaların ərzaq təminatının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin özündə də başqa məqsədlərin ola biləcəyini düşünür: “Ola bilsin ki, bu da bir monpolya elementidir və bu, kimlərinsə biznes maraqlarına xidmət edir. Əslində isə dəyişikliklər yalnız xəstələrin düzgün qidalanmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanmalıdır. Hər halda, bu məsələnin araşdırılmasına ehtiyac var”.

Səhiyyə eksperti deyir ki, indi xəstəxanaların qida təminatında müəyyən dəyişiklik edilib. Yəni qida məhsullarının gətirilməsinin təşkili üçün tender keçirilir, qalib gələn təşkilat bu işlə məşğul olur: “Lakin əslində forma dəyişib, mahiyyət isə olduğu kimidir – “şapka”, tapşırılma yenə də qalır. İndi ərzaq tədarükü ilə bağlı keçirilən tenderlərdə əvvəlcədən hansı təşkilatların udacağı məlumdur”.

Maraqlıdır ki, xəstəxanaların ərzaq təminatı sahəsinə, tenderlərin təşkilinə və bütövlükdə bu proseslərə Səhiyyə Nazirliyində kimi və necə nəzarət etdiyini tam ayçıdnlaşdıra bilmədik. Nazirliyin müvafiq qurumları bilərəkdən, ya bilməyrəkdən problemlə bağlı informasiyaları açıqlamaq üçün yumşaq desək, həvəsli deyillər. Amma bir gerçəklik var ki, ölkədə fəaliyyət göstərən bütün dövlət xəstəxaları Səhiyyə Nazirliyinin balansındadır. Yəni nazirlik istənilən halda tibb müəssisələrinin ərzaq təminatının ödənilməsi üçün keçirilən tenderlərə, bu prosesdə şəffaflığın təmin olunmasına birbaşa məsuliyyət daşıyır.

50 min manatlıq öhdəlik…

Yeri gəlmişkən, Azərbaycan prezidentinin 28 iyul 2007-ci il tarixində təsdiq etdiyi “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət Proqramı” çərçivəsində dövlət satınalmalarına dair təlimatlar müəyyənləşib. Təlimatda dövlət satınalmalarında korrupsiyaya və dələduzluq hərəkətlərinə qarşı mübariz aparmaq və belə halların qarşısını almaq məqsədilə görüləsi tədbirlər də nəzərdə tutulub. Bu prosesdə şəffaflığın təmini, korrupsiya faktının aradan qaldırılması, bərabər mühitin formalaşması üçün bir sıra öhdəliklər də müəyyənləşib. Həmin öhdəliklərə əsasən, satın alınan malların, işlərin və xidmətlərin ehtimal olunan qiyməti 50 min manat və bu məbləğdən yüksək olduqda müsabiqə açıq tender üsulu ilə həyata keçirilməlidir. Bundan əlavə, satınalmalara cəlb olunan şəxslərin dövlət satınalmalarında korrupsiya və dələduzluq hərəkətləri ilə məşğul olduğu aşkar olunarsa, öz səlahiyyətləri çərçivəsində həmin şəxsləri o andan etibarən, satmalma prosesindən kənarlaşdırmalı və bu barədə Satınalmalar üzrə Dövlət Agentliyinə məlumat verilməlidir. Lakin Agentliyin də bu təlimata necə əməl etdiyi açıqnlanan məlumatlarda özünü aydın göstərir.

Mövcud olmayan şirkət necə “qalib” olub?

Agentlikdən verilən məlumatda bildirilir ki, ötən il Səhiyyə Nazirliyi tərəfindən ümumilikdə 295 satınalma keçirilib. Satınalınan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 138153,98 manat, satınalmanın qalibləri ilə bağlanmış müqavilənin ümumi məbləği isə 135213,4 manat olub.  Ancaq bu satiınalmaların və bağlanmış müqavilələr üzrə vəsaitin hansı hissəsinin xəstəxanaların ərzaq təminatına dair olduğu açıqlanmır.

Satınalmalar üzrə Dövlət Agentliyinin //tender.gov.az saytındakı “keçirilmiş müsabiqələrin reyestri” bölməsində nə Bakıdakı, nə də rejionlardakı xəstəxanaların ərzaq təminatı üzrə keçirilən bir tenderin nəticələrinə rast gəlmək mümkün deyil. Burada yalnız bəzi xəstəxanalarda inventarların (Məsələn, İmişli və Daşkəsən Mərkəzi rayon Xəstəxanası), binaların cari təmiri (Ağdaş və Xızı Mərkəzi Rayon Xəstəxanaları), dəftərxana ləvazimatlarının (Hacıqabul Mərkəzi rayon Xəstəxanas) satınalınması üzrə keçirilən satınalmaların nəticələri barədə cüzi məlumatlar verilir. Saytın həmin bölməsində xəstəxanaların ərzaq təminatı üzrə keçirilən tenderlərlə bağlı cəmi bir neçə fakt var. Məsələn, F.Əfəndiyev adına 4 saylı Klinik Xəstəxana üçün büdcə vəsaiti hesabına ərzaq və kənd təsərrüfatı məhsullarının satınalınması üzrə keçirilən tenderdə 2 qalib seçilib - "Vüqar fermer təsərrüfatı" MMC və "AzərBəhər" MMC. Tenderin nəticələrinə əsasən, həmin xəstəxanın ərzaq təminatını öhdəsinə götürmüş qalib şirkətlərlə ümumi dəyəri 199899 manat olan müqavilə bağlanıb. Ancaq bu vəsaitin qaliblər arasındakı pay bölgüsü, hansı məhsulların alınacağı göstərilmir. Bundan başqa, Mərkəzi Dəmir yol Xəstəxanası üçün ərzaq məhsullarının alınmasına dair tenderin qalibi seçilən "Lira-1" MMC ilə bağlanmış müqavilənin qiyməti 14500 manat təşkil edib.

Bununla belə, əvvəlki iki şirkətin adı Vergilər Nazirliyində vergi ödəyicisi kimi dövlət qeydiyyatında yoxdur. Nazirlikdə bildirirlər ki, bütün fiziki və hüquqi şəxslər vergi ödəyicisi qismində dövlət reyestrində qeydə alınır. Lakin nə "Vüqar fermer təsərrüfatı" MMC-nin, nə də "AzərBəhər" MMC-nin adı müvafiq reyestrdə tapılmayıb. “Lira-1” Məhdud Məsuliyyətli Cəmiyyət isə ötən il Sumqayıt şəhərində dövlət qeydiyyatına alınıb.

Bu isə o deməkdir ki, F.Əfəndiyev adına 4 saylı Klinik Xəstəxana üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satınalınması üzrə keçirilən tenderin qalibi kimi göstərilən "Vüqar fermer təsərrüfatı" MMC və "AzərBəhər" MMC əslində mövcud deyil. Ancaq Səhiyyə Nazirliyində bu şirkətlərin tenderdə necə qalib seçildiyinə aydınlıq gətirən tapılmayıb.

E.Salahov

P.S. Yazı Danimarka hökuməti tərəfindən maliyyələşdirilən “SCOOP-CAUCASUS”un jurnalist tədqiqatları layihəsi çərçivəsində hazırlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi