Azərbaycanın ağır atletika üzrə yığma komandası bir il müddətinə diskvalifiksiya olunacağı təqdirdə ABŞ-ın Anahaym şəhərində (Kaliforniya) keçiriləcək Dünya çempionatına buraxılmaya bilər.
Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) xüsusi komissiyasının idmançılarının adı üç və daha çox hallarda dopinqdən istifadədə keçən 9 ölkəyə qarşı başladığı araşdırmalar sona yetmək üzrədir. Bu ölkələr sırasında Azərbaycanın da adı var.
Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Modern.az-a açıqlamasında bildirib ki, qərar hələ rəsmi deyil. Bu səbəbdən hansısa şərh vermək mümkün deyil:
“Yayılan məlumat rəsmi deyil. Bununla əlaqədar nə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF), nə də başqa qurumdan Federasiyaya rəsmi məlumat daxil olub. Bu səbəbdən məsələni şərh edə bilmərik. Amma diskvalifiksiya ilə bağlı məlumatları əvvəlcədən bilirdik. Beynəlxalq Ağır Atletika Federasiyasının Xüsusi Komissiyası sentyabrın 30-da Rumıniyanın Buxarest şəhərində yığışacaq. Burada antidopinq tədbirləri və görüləcək işlər müzakirə ediləcək. Sadəcə hansı qərarlar qəbul ediləcək, Azərbaycan yığma komandası diskvalifiksiya olunacaqmı, Dünya çempionatındakı iştirak necə olacaq-bu barədə heç bir məlumat yoxdur”.
K.Məstəliyev qeyd edib ki, hazırda ağır atletika üzrə yığma komandamız dünya çempionatına hazırlaşır:
“Yığma komanda kiçik heyətlə Amerikada keçiriləcək Dünya çempionatına hazırlaşır. Buna baxmayaraq, biz də qərar gözləyirik. Beynəlxalq Ağır Atletika Federasiyasının qəbul edəcəyi hər hansı qərarı qəbul etməyə borcluyuq”.
Qeyd edək ki, dopinqdən istifadədə adı keçən 9 ölkə sırasında Qazaxıstan və Rusiya (hər yığmada 10 müsbət dopinq nümunəsi), Belarus (7 müsbət nümunə), Ermənistan (4), Türkiyə, Ukrayna, Çin və Moldova (hər biri 3) da var.