Modern.az

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT Şəbəkəsinin qazdan istifadə təklifləri nəzərə alınıb

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT Şəbəkəsinin qazdan istifadə təklifləri nəzərə alınıb

27 May 2011, 20:03

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi yeni “Qazdan İstifadə qaydaları”na münasibətini açıqlayıb. Şəbəkənin mətbuat xidmətində Modern.az-a daxil olan press-relizdə deyilir ki, Prezidentin 22 aprel 2011-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə elektrik enerjisindən istifadə qaydalarının yeni layihəsini hazırlamnası və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməsi tapşırılmışdı.  Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 sayli qərarı ilə yeni “Qazdan İstifadə qaydaları” təsdiqlənib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdşalıq Şəbəkəsi  Açıq-Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirilən “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi”  layihəsi çərçivəsində dəfələrlə əhalinin elektrik enerjisi, təbii qaz, su ilə təchizatı sahəsində mövcud problemlərə diqqət çəkərək onların həlli yollarını da təklif edib.

Xatirladaq ki, layihə çərçivəsində «Qaz təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında təbii qazın alqı-satqısının birtipli Müqavilə»,  «İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə»  , «Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqavilə» layihələri hazırlanmışdı. Bu yeni müqavilələrin layihələri ictimaiyyətə təqdim olunmaqla yanaşı 02 fevral 2011-ci il tarixdə  müvafiq təchizatçı qurumlara (“Azərenerji” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC, “Bakıelektrikşəbəkə” ASC) və İqtisadi İnkişaf Nazirliyinə  göndərilmişdi.

Şəbəkə tərəfindən layihə çərçivəsində təklif olunmuş əlavə və dəyişikliklərin 85,7%-i Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda (gələcəkdə “Qaydalar”) öz əksini tapıb, 68,6%-i müqavilə şərtlərinə daxil edilib. Bu fakt Şəbəkənin uğuru kimi qiymətləndirilməlidir.

Əvvəlki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli 87 saylı Qərarı ilə təsdiq edilmiş “Qaydalar” həcm etibarı ilə indikindən 5 dəfə az idi və reallığı əks etdirmirdi.

Şəbəkə bu təşəbbüsləri yüksək qiymətləndirərək elektrik enerjisindən istifadə qaydalarının yeni layihəsinin və  texniki şərtlərin verilməsi qaydalarının hazırlanması zamanı “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi ilə əməkdaşlıq ediləcəyinə, əhalinin qazla və içməli su ilə təchizatı ilə təminatı sahəsində də bu cür addımların atılacağına ümidvar olduğunu bildirir.

“Azərsu” ASC-dən isə Şəbəkəyə rəsmi şəkildə bildiriblər ki,  qurumun mütəxəssisləri tərəfindən “Sudan istifadə qaydaları”nın layihəsi yenidən işlənilib və razılaşdırma üçün aidiyyatı qurumlara təqdim edilib. Şəbəkənin ekspertləri tərəfindən hazırlanmış «İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə» şərtlərinin əksəriyyəti “Azərsu” ASC-nin dövlət qurumlarına təqdim etdiyi layihədə öz əksini tapıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal