Sentyabrın 7-də Azərbaycana səfərə gələn ATƏT-in Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonen bu gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun Modern.az-a verdiyi məlumata görə, daha sonra xanım K.Muttonen Milli Məclisdə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşəcək.
Görüşdə Azərbaycan və ATƏT PA arasında əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.
Həmçinin Ombudsman Elmira Süleymanova və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçiriləcək.
K.Muttonenin digər dövlət qurumları ilə də görüşləri nəzərdə tutulub. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-a qədər davam edəcək.