“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” qazpaylayıcı şəbəkəyə qoşulma, şəbəkədən ayrılma, qazın dəyərinin ödənilməsi, tərəflərin vəzifələri və digər məsələləri özündə əks etdirir.
Qaydalara uyğun olaraq 3 istehlakçı qrupu üzrə yeni müqavilə layihələri hazırlanıb, yaşayış evlərində, ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat hazırlanıb.
Bundan sonra qaz qurğularına ildə iki dəfə, altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməli, müqavilə üzrə istehlakçılar ildə bir dəfədən az olmayaraq “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun təlimatlandırılmalıdır.
Bundan sonra fərdi evlərin qazlaşdırılması üçün ərizələrin qəbulu, rəyin, onun əsasında texniki şərtin verilməsi və razılaşdırılmış layihə-smeta sənədləri əsasında təmir-tikinti idarəsinin görəcəyi iş, sayğacın quraşdırılması, istismara qəbulu və qaz təchizatı ilə təminat prosedurları Qaydalara əsasən “bir pəncərə” prinsipinə uyğun həyata keçiriləcək. Qaydalara uyğun olaraq qaz qurğularının özbaşına quraşdırılmasını, onların yerdəyişməsini və təmirini həyata keçirmək, bina daxilində qeyri-metal boru ilə qaz çəkilişi aparmaq, qaz qurğusunun quraşdırıldığı yerin planında, qaz qurğusunun, tüstü bacalarının və havadəyişmə xətlərinin quruluşunda dəyişikliklər etmək, qanunvericiliyə uyğun sertifikatlaşdırılmamış qaz qurğularından istifadə etmək qəti qadağandır.
Qaz sayğaclarının quraşdırılması və istismarı, eləcə də qazın dəyərinin ödənilmə şərtləri də Qaydalarda dəqiq müəyyən edilib.
Belə ki, standart olaraq bir saatlıq qaz sərfiyyatı 2-3 m3 təşkil edən abonentlərin mənzillərində qaz sayğacları “Azəriqaz” İB-nin hesabına quraşdırılır. Qaz sərfiyyatı saatda 6 m3-dən yuxarı olan abonentlərin mənzillərinə qaz sayğaclarının quraşdırılmasına isə fərdi qaydada baxılır.
Qaydalara görə, qazpaylayıcının istehlakçıya təqdim etdiyi sayğacla müəyyənləşdirilən hesab (bildiriş) veridikdən sonrakı bir ay müddətində qazın dəyəri tam ödənilməli, ödəniş isə yalnız bank və ya poçt şöbələri vasitəsilə həyata keçirilməlidir.
İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədikdə, qazpaylayıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən sonrakı bir ay müddətində qazın dəyəri tam ödənilmədikdə, qazpaylayıcı ilə müvafiq müqavilə bağlanılmadıqda, təmir-profilaktika və qəza işləri görüldükdə, habelə məhkəmənin qərarı ilə istehlakçıya verilən qaz dayandırıla bilər.
Modern.az