Modern.az

AKP Türkiyədə qalib gələcəkmi..? (Azərbaycanlı siyasətçilərin mövqeyi)

AKP Türkiyədə qalib gələcəkmi..? (Azərbaycanlı siyasətçilərin mövqeyi)

28 May 2011, 13:22


Türkiyədə yeni parlament seçkisinə sayılı günlər qalıb. Belə ki, 12 iyun tarixində Türkiyə Böyük Millət Məclisinə (TBMM) üzv olmaq üçün keçiriləcək seçkilər təkcə türk xalqının deyil, eləcə də bütün dünyanın diqqət mərkəzindədir. Bir tərəfdə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP), digər tərəfdə müxalifət cəbhəsini təmsil edən CHP və MHP-nin də böyük ümidlərlə bu mübarizəyə qoşulması böyük rezonansa səbəb olub. Türkiyənin bir çox rəsmiləri parlament seçkilərində AKP-nin şəriksiz qalib gələcəyini bildirirlər.
Belə olacağı təqdirdə baş nazir R.T.Ərdoğanın Türkiyədə yenidən tək partiyalı hakimiyyət quracağı ehtimal olunur. Azərbaycanlı siyasətçilər də qardaş Türkiyədə gedən proseslərlə bağlı Modern.az saytına münasibət bildiriblər.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə gedən seçkiöncəsi prosesləri izlədiyini və bu məsələlərlə yaxından maraqlandığını bildirib. Onun sözlərinə görə, proseslər göstərir ki, Ərdoğanın təmsil etdiyi partiya parlament seçkilərində mütləq şəkildə qalib gələcək.
“Əlbəttə, qardaş ölkədə gedən bütün proseslər, o cümlədən qarşıdan gələn parlament seçkiləri də məni xeyli dərəcə də maraqlandırır. Demək olar ki, bu proseslə bağlı müxtəlif informasiya kanallarından ordakı vəziyyəti öyrənməyə çalışıram. Görünən budur ki, Ərdoğan və onun rəhbərlik etdiyi AKP parlament seçkilərində mütləq əksəriyyətlə üstünlük qazanacaq və beləliklə növbəti illər üçün hökumətin formalaşmasında tək partiya olaraq öz imkanlarını ortaya qoyacaq. Onunla ciddi mübarizə apara biləcək elə bir partiya görünmür. Nə CHP, nə də MHP istər ayrı-ayrılıqda, istərsə də bütövlükdə AKP-yə müqavimət göstərə bilməyəcək. Seçki kampaniyası zamanı aparılan görüşlər və bu görüşlərin effektləri bu nəticəyə gəlməyə imkan verir. Hesab edirəm ki, AKP parlament seçkilərində böyük üstünlüklə bir daha qalib gələcək”-deyə deputat bildirib.

F.Ağamalı Türkiyədə seçkiqabağı gedən proseslərdə müxalifətin zəif təsir bağışlamasınınm əsas səbəblərini belə izah edib:

“Müxalifət düşərgəsində hər şeydən əvvəl Dəniz Baykalın siyasətdən çəkilməsi CHP-yə ciddi zərbə vurdu. Digər tərəfdən Milliyətçi Hərəkat Partiyasında (MHP) baş verən məlum kaset  olaylar; bu partiyanın da nüfuzuna mənfi təsir göstərdi. Bu amillər də əlbəttə, seçki prosesində öz rolunu oynadı. Amma düşünürəm ki, bunlar olmasaydı belə, həmin partiya liderlərinin Ərdoğana müqavimət göstərə biləcək bir rəqib şəkildə deyildilər”.

Millət vəkili Ərdoğanın Türkiyədə və eləcə də beynəlxalq aləmdə xarizmatik lider olduğu bildirib və qeyd edib ki, bu uğur seçkinin nəticələrinə əsaslı təsir edəcək.

“Ərdoğan sözün əsl mənasında olduqca çevik, eyni zamanda xarizmatik bir lider olduğunu təsdiq edib. Etiraf eləmək lazımdır ki, AKP-nin hakimiyyəti illərində Türkiyənin beynəlxalq aləmdə xeyli nüfuzu yüksəlib. Ölkə daxilində də Türkiyə kifayət qədər ciddi uğur qazanıb. Hətta dünyanı bürüyən maliyyə böhranı Türkiyə iqtisadiyyatına çox ciddi təsir göstərə bilmədi. Bu da əlbəttə AKP-nin həyata keçirmiş olduğu daxili və maliyyə siyasəti ilə birbaşa bağlıdır. Beynəlxalq aləmdə də Türkiyənin nüfuzu xeyli yüksəlib. Ərdoğan da istər regionda olsun, istərsə də beynəlxalq aləmdə özünü güclü dövlət başçısı və siyasətçi kimi təqdim edə bilib”-deyə F.Ağamalı əlavə edib.  

Müsavat Partiyası Məclisinin sədri, sabiq millət vəkili Arzu Səmədbəyli AKP-nin seçkidə birinci olacağını deyib. Onun sözlərinə görə, Ədalət və İnkişaf Partiyasının  təkbaşına iqtidar olacağını indidən söyləmək mümkün deyil:

“Türkiyədə gedən seçki prosesini mən də yaxından izləyirəm. Təbii ki, görsənən odur ki, AKP birinci çıxacaq. Amma, AKP təkbaşına iqtidar olacaqmı, olmayacaqmı onu indidən söyləmək hələlik məncə tezdir. Belə görsənir ki, AKP keçən seçkilərdəki qədər səs yığmayacaq. Düzdür onun səsi həm CHP-dən, həm də MHP-dən artıq olacaq. Amma hesab edirəm ki, CHP və MHP-nin ikisinin də birlikdə AKP-dən çox səs toplamaq ehtimalı var. O zaman digər kiçik partiyaları da nəzərə alsaq, AKP-nin orda təkbaşına iqtidar olması keçən dəfəki qədər şanslı görünmür”.

A.Səmədbəyli Türkiyə müxalifətinin AKP ilə rəqabət apara bilməməsi kimi səslənən fikirlərin düzgün olmadığını qeyd edib. O, bildirib ki, son zamanlar kaset skandallarının ortaya çıxmasına baxmayaraq, müxalifət heç də zəif deyil.
“Bir çoxları hesab edir ki, Türkiyədə bu ilki parlament seçkilərində müxalifət çox zəif iştirak edir. Mən bu mövqe ilə razılaşmıram. Müxalifət var. Amma bildiyimiz kimi, Türkiyə siyasətində indiyə qədər olmayan bir kaset skandalı ortaya çıxdı. Bu kaset skandalı da təbii ki, prosesə mənfi təsir edir. Amma, bu kasetlərin artıq əks-cavabı gəlməkdədir. Çünki, Türk cəmiyyəti o cür yanaşmanı, şantajı qəbul etmək istəmir. Bilirsiniz ki, CHP-də Dəniz Baykalla bağlı beli bir kaset qalmaqalı yaşanmışdı. Lakin buna baxmayaraq, CHP-nin reytinqi 28-30 faiz arasında görünür, eyni zamanda MHP-ninki də həmin qaydada 14 faiz idisə, artıq artmağa başlayıb”-deyə siyasətçi əlavə edib.

Qeyd edək ki, Türkiyədə 2007-ci il iyulun 22-də keçirilən sonuncu parlament seçkisini 46,5% səs toplamış Ədalət və İnkişaf Partiyası qazanıb. Hazırda parlamentdə AKP-ni 336, CHP-ni 103, MHP-ni isə 69 millət vəkili təmsil edir.

Anar Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər