Modern.az

“Cümhuriyyətin 100 illiyi təkcə, 28 may tarixi ilə yekunlaşmayacaq” - AXC-100  

“Cümhuriyyətin 100 illiyi təkcə, 28 may tarixi ilə yekunlaşmayacaq” - AXC-100   

Aktual

9 Sentyabr 2017, 18:10

Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə nə kimi işlər görməyi planlaşdırır?
 

Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100”  mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə çalışacaq.

Həmçinin, ayrı-ayrı ziyalılar, araşdırmaçı, tarixçi  və yaradıcı adamların da bu yöndə hər hansı iş görmələri böyük maraq doğurur.

Bu dəfə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı həm təmsil etdiyi qurumun, həm də bütövlükdə ədəbi mühitin bu istiqamətdə görəcəyi və görməli olduğu işlərdən danışıb:

“Biz Dünya Gənc Türk Yazarları Birliyi olaraq, bu il sentybarın 15-dən yeni layihəyə başlayacağıq. İlin sonuna qədər davam edəcək layihə “Bakıdan türk dünyasına” adlanır. Həm adından, həm də başlanma tarixindən də göründüyü kimi layihənin əsas xətti məhz Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olacaq. Bu, həm də  Cümhuriyyətə aid tədbirlərimizin əsas başlanğıcı hesab edilə bilər. Çünki 15 sentyabr Cümhuriyyətin paytaxtı olan Bakının bolşeviklərdən, daşnaklardan azad olunduğu gündür. Bu tarix rəmzi xarakter daşıyır.  AXC-nin necə çətinliklə yaranmasını, mahiyyətini gənc alim, araşdırmaçılarımızla bərabər, bizim gənc yazarlar da idrak etməli, öz qələmlərindən keçirməlidirlər. Bu gün gənc nəsil müəyyən mahiyyəti – AXC-nin yaranma  tarixinini və  tarixi proseslər zamanı yaşanan çətinliklərini, bəxş etdiyi ümidi bədii mətn vasitəsilə daha yaxşı mənimsəyirlər. AXC-nin bir zamanlar bəxş etdiyi inam “bir kərə yüksələn bayraq bir kərə enməz” şəklində düsturlaşıb. Gənc yazarlar bunun mahiyyətini əxz etməlidirlər.

İlk Türkiloji Qurultay 1926-cı ildə Bakıda keçirilib. Həm ildə ir çox tarixi məşəqqətlərin (1920-ci il istilası, ondan sonrakı ağır dövr) canlı şahidi olmuş insanların bir araya gəlməsi və görüşdüyü bir məkan olub. Ümumiyyətlə, Bakı hər zaman türk dünyasının ən önəmli mərkəzlərindən sayılıb. Yeni layihəmiz olan “Bakıdan türk dünyasına” bu baxımdan çox əhəmiyyətlidir. Layihə çərçivəsində yenə də türk dövlətlərindən xeyli gənc yazarlar Bakıya toplaşacaq. Fəxri qonağımız da olacaq. Bakı həm də türk dünyasının müxtəlif problemlərinin toqquşduğu şəhərdir. Qərbi Azərbaycan və Qarabağdan bir milyondan çox qaçqın və məcburi köçkünlərin böyük əlsəriyyəti də Bakıda məskunlaşıb. Layihə çərçivəsndə, əgər proqrama daxil edilsə, biz qonaqlarımızı məcburi köçkünlərin sığındığı yerlərə də aparacağıq.

Amma təkcə “Bakıdan türk dünyasına” adlı layihə ilə AXC-nin 100 illik yubileyi münasibətilə görəcəyimiz işləri yekunlaşdırmaq istəmirik. Bu, sadəcə, bir başlanğıcdır. Gələn il biz yeni ildə görəcəyimiz işlərin planlarını tutarkən, əsas diqqəti və yeri Cümhuriyyətin 100 illik yubileyinə ayıracağıq. Müxtəlif şeir gecələri və müsabiqələri “AXC-100”-ə aid olacaq. İnanırıq ki, o zaman gənc yazar dostlarla birgə aparacağımız fikir mübadilələri zamanı daha maraqlı fikirlər ortaya çıxacaq və biz onları da dəyərləndirəcəyik.

Bizim üçün Xalq Cümhuriyyətinin 100 illiyi təkcə, 28 May tarixi ilə yekunlaşmayacaq. Biz o tarixə qədər və ondan sonra da bu yöndə işlərimizi davam etdirəcəyik. Cümhuriyyət və cümhuriyyətçiliyin ötürdüyü gözəl ideyaların qorunması üçün qələm adamı, qələm dünyası nə edə biləcəksə, biz də onu etməyə çalışacağıq. Amma bu yöndə görəcəyimiz işlər gələn ilin əvvəllərində dəqiqləşəcək”.

N.Nihad

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi