Son günlər bəzi Kütləvi İnformasiya vasitələrində Azərbaycan Yazıçılar Birliyinin ərazisində icarəyə verilmiş “26” adlı kafe ilə bağlı müxtəlif məlumatlar verilir. Həmin məlumatlarda dosent Ərəstun Qasımovun da adı hallanıb. Məsələyə aydınlıq gətirmək üçün Ərəstun Qasımovla əlaqə saxladıq.
Modern.az-a açıqlamasında Ərəstun Qasımov qeyd edilən kafe ilə bağlı heç bir məlumatının olmadığını bildirdi: “Həmin kafenin kimə məxsusluğu sənədlərdə əksini tapdığı halda nahaqdan mənim və oğlumun adının hallanması çox təəssüfedici faktdır. Heç bir əsas olmadan ziyalı imicinə atılan böhtan məni çox narahat edir.
Hesab edirəm ki, bu böhtan ümumiyyətlə müəllim adına, ziyalı təbəqəsinə və işimə hörmətsizlikdir. Xahiş edirəm səbəbsiz yerə mənim adımı hallandıran bununla da səhhətimə, müəllim nüfuzuma xələl gətirən bu cür iyrənc halların dərhal dayandırılması barədə bəyanatımı yayasınız. Əks təqdirdə bu barədə qanunlar çərçivəsində mübarizə aparacağam və böhtan atanlar layiqli cəzalarını alacaqlar”.
Sentyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi və iştirakı ilə Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafenin fəaliyyəti dayandırılıb. Kafenin əmlakı müsadirə edilib.
H. Abutalıbov kafe rəhbərliyini ittiham etmişdi ki, onlar iaşə xidməti obyektini “26 Bakı komissarı”nın və 100 il bundan əvvəl azərbaycanlıların soyqırımını törətmiş daşnakların şərəfinə adlandırıblar.
O həmçinin jurnalistlərə açıqlamasında kafeni əxlaqsızlıq yuvası adlandırıb. H. Abutalıbov kafenin girişində “Qadınlara qəlyan pulsuz verilir” elanının yazılmasını buna sübut olaraq göstərib.
Həmçinin mətbuatda klubda təşkil edilmiş erotik şounin videosu da yayılmışdı.
Həmin klub isə Azərbaycan Yazıçılar Birliyinin (AYB) icarəyə verdiyi yerdir. Mətbuatda dərc olunan sənədlərə görə, icarə müqaviləsi AYB katibi Çingiz Abdullayevlə sahibkar Ramil Məmmədli arasında bağlanıb.
Müqaviləyə əsasən, AYB binasında kafe açılır və buna görə Çingiz Abdullayev hər ay 8 min manat alır. Müqavilə 2017-ci ilin mart ayının 14-də bağlanıb.