Modern.az

İctimai nəzarət

İctimai nəzarət

31 May 2011, 13:43

Bu gün dünyada  normal cəmiyyətlərin qazandığı ən böyük dəyərlərdən biridə  ictimai nəzarət  və şəffaf  idarəetmə sistemləridir.  Şəffaflıq yalnız hər hansı beynəlxalq  təşkilata və yaxud dövlətin üzərinə götürdüyü öhdəliyə  görə olmur.  Burada əsas prinsip insana dəyər verilməsindən,  onun sosial hüququnun ədalətli tanınmasından  və cəmiyyətin diqtə etdiyi şəffaf idarəetmə sisteminin oturuşmasından başlayır.

Təbii ki, Azərbaycan da  dünyanın tərkib hissəsi kimi  bu proseslərdən, yəni ictimai  nəzarətdən kənarda yaşayıb inkişaf edə bilməz. İctimai nəzarətin olmaması  və yaxud zəif olması iqtisadi sahədə görülən işlərin  faydasını azalmasına  təsir edər.

Müsbət haldır ki, vətəndaşlarla keçirilən görüşlər zamanı prezident  İlham Əliyev ölkədə görülən işlərlə bağlı ictimai nəzarətin vacibliyi məsələsini önə çəkib. Mərdəkan və Buzovna qəsəbələrində müxtəlif vaxtlarda sakinlərlə görüşdə də prezident bir daha bu məsələyə toxunub: “Burada ictimai nəzarət də çox güclü olmalıdır. İctimai nəzarət də sizdən asılı olacaqdır. İndi işlər başlanacaq, yollar, su xətləri çəkiləcək, qaz xətləri yenidən çəkiləcəkdir. Elə etməliyik ki, keyfiyyətli olsun. Çünki dövlət vəsait ayırır və işlər görülür, bəzi hallarda görülmüş işlər bizi qane etmir. Nə üçün?!Çünki ictimai nəzarət zəif olubdur. İş icraçıları vəzifə borclarına məsuliyyətsiz yanaşmışlar. Ona görə ictimai nəzarət çox güclü olmalıdır”.

Bu gün bir çox sahələrdə dövlətin müxtəlif qurumları tərəfindən böyük həcmli layihələr həyata keçirir. Aydın məsələdir ki, bu  proqramlara  ictimai nəzarətin olması və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, medianın iştirakı zəruridir. Biz  QHT və media təmsilçisi olaraq  dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  beynəlxalq maliyyə institutları ilə birlikdə   həyata keçirdikləri layihələrin ən azından araşdırılmasına cəhd etmişik. Çox təəssüf  ki,  bu cəhdlərimiz faydasız olub. Niyə görə?  Təbii bütün səbəbləri sadalayıb sizi yormaq istəmirəm.

Ancaq  bəzi vacib məqamları qeyd etmək istərdim. Birincisi, bu layihələrin icrasında QHT-lərin iştirakına bilərəkdən və yaxud bilməyərəkdən  şərait yaradılmır. Əgər bu iş baş verirsə, hər hansı ictimai qurum orada təmsil olunursa,  baxıb görürsən ki, özlərinə yaxın  QHT-lərlə iş birliyi qurublar.

Bir  faktı qeyd etmək istərdim. 2006-cı ildə və 2009-cu ildə iki dəfə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Layihələrin İcra Qrupu  beynəlxalq maliyyə təşkilatları ilə birlikdə Azərbaycanın Şimal bölgəsində   “Şahdağ”Milli Parkını yaradılması ilə bağlı layihə həyata keçirəcəyini bəyan  etdi və rəsmi qəzetlərdə müsabiqə ilə bağlı elan verildi.  Biz həmin layihədə iştirak etməkdə israrlıydıq.

 Layihənin məqsədi  Azərbaycanın Quba və Qusar rayonlarından başlayaraq Oğuz  rayonuna qədər uzanan geniş bir ərazidə “Şahdağ” Milli Parkının yaradılması və həmin bölgələrdə  yaşayan,  sahibkarlıq fəaliyyətilə məşğul olan  insanlara  hərtərəfli dəstəyin göstərilməsi və s. məsələlər nəzərdə tutulurdu. Biz də vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq  bu işdə tam səmimi dəstəyimizi  göstərməyə hazır idik. Həmin  müsabiqəyə tələb olunan lazımı sənədləri adıçəkilən quruma  təqdim etdik. Üzun müddət müsabiqənin nəticələrini gözləsəkdə səs-səmir gəlmədi

Bəs nəticəsi nə oldu?  Bu gündə həmin layihələrin  aqibəti bəlli deyil. Bu proqramlar  necə həyata keçirildi  ya yaxud keçirilmədi?  Layihə üçün ayrılmış böyük  məbləğdə vəsait  necə oldu, onun iqtisadi səmərəsi oldumu ya olmadımı?  Bu gün bu bəlli deyil. Belə faktları xeyli sadalamaq olar.

Məqsədimiz heç zaman qərəzçilik olmayıb.  Ancaq həyata keçirilən  hər bir layihə səmərəli və şəffaf olmayanda  onun praktik  əhəmiyyəti də olmur. Azərbaycan prezidenti, cənab  İlham Əliyevin dediyi  ictimai nəzarət burada lazımdır. Dövlət başçısı hər bir məmurun yanında dayanıb ona nəzarət edə bilməz. Ona görə də ən optimal variant ictimai nəzarəti gücləndirməklə bərabər  ictimai rəylə hesablaşmaqdır.

İctimai rəyi qaldırmaq üçün bəzi addımların atılmasına ehtiyac var.

Birincisi,  həm medianın, həm də vətəndaş cəmiyyəti institutlarının  halal maliyyə çevrəsini genişləndirməkdir. Təbii ki, bütün bunları  etmək üçün kifayət qədər yollar var.

İkincisi, böyük həcmli iqtisadi layihələr hazırlanarkən orada QHT-lərin və medianın şəffaf müsabiqələr yolu ilə  iştirakına şərait yaradan müddəaların salınmasıdır.

Üçüncüsü, layihələri icra edən müxtəlif qurumların mediaya  və ümumilikdə cəmiyyətə açıq olması və  ictimai rəyə diqqət yetirməsi pis olmazdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal