Belarus Respublikasının Minsk şəhərində əlil arabasında idman rəqsi üzrə 20-ci Açıq Belarus çempionatı keçirilib. Modern.az xəbər verir ki, yarışa 8 ölkədən 50 idmançı qatılıb. Turnirin nəticəsinə görə, Vüsalə Kərimova və Fərid Mehdiyev Kombi - Latino Klass 2 və Kombi Fristayl Klass 2 növlərində uğurla çıxış edərək çempionatın qızıl medallarını qazanıblar. Yarışda qalib olan idmançıları Milli Paralimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamal Məmmədov medallarla təltif edib.
Bu gün isə Paraşutla tullanma idman növü üzrə yarışlara start veriləcək. Yarışda Azərbaycan Milli Paralimpiya Komitəsini Vüsalə Kərimova, Fərid Mehdiyev və Kəmalə Babayeva təmsil edəcəklər.
Qeyd edək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraşutla tullanma idman növü dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması Azərbaycan Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə reallaşıb. Artıq ənənəvi olaraq hər il Minsk şəhərində paraşutla tullanma idman növü üzrə beynəlxalq yarışlar təşkil olunur.