İyun ayının 1-dən Milli Məclisin növbədənkənar sessiyası çağrılacaq. Bu sözləri Modern.az-a açıqlamsında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, növbədənkənar sessiyada Milli Məclisin ən azı iki iclası keçiriləcək.
“Daxili Nizamnaməyə görə, Milli Məclisin ay ərzində iki iclası keçirilir. Növbədənkənar sessiyada da ən azı iki iclası keçirilə bilər. Bundan çox olub -olmaması barədə isə dəqiq məlumatım yoxdur”.
A.Təvəkküloğlu parlamentin növbədənkənar sessiyasında gündəliyə çıxarılacaq məsələlər barədə də məlumat verib.
“İlk növbədə prezident İlham Əliyevin Milli Məclisə qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi qanun layihələrinin müzakirəsi gözlənilir. Daha sonra Milli Məclisin 2011-ci il yaz sessiyasında gündəliyə çıxarılan, lakin müzakirə olunmayan qanun layihələrinin müzakirəsi gözlənilir”.
A.Təvəkküloğlunun sözlərinə görə, növbədənkənar ssesiyaya daxil olan məsələlərin müzakirəsi bitdikdən sonra Milli Məclis öz işini başa vuracaq.
Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, Milli Məclisin növbədənkənar sessiyasının birinci iclası iyunun 10-da keçiriləcək.
Aytən ƏLİYEVA